Ölkə futbolu

Ayxan Abbasov: “Gənc hakimlər çox səhvlər edir”

Azərbaycan Premyer Liqasının XXI turunun “Sabah” – “Turan Tovuz” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Çətin oyun idi. Rəqibdə məşqçi gedişindən sonra komanda daha aqressiv oynayır. Hesabı da açdı, lakin sonra rəqib standart vəziyyətdən fərqləndi. Fasilədən sonra qol epizodları az oldu, meydanda taktiki savaş gedirdi. Heyətdə itkilərimiz də var idi. Yekunda bir xal qazandıq. Yolumuza davam edirik. Çempionat bundan sonra daha çətin olacaq. Artıq hər xal çox vacib olacaq.

– 70-ci dəqiqədən sonra meydanda daha yaxşı olan tərəf siz idi.

– Xəyalla Fəridi meydana buraxıb, ortada topu saxlamaq istədik. Bundan sonra topa daha çox sahib olan biz idik. Oyunun sonlarında futbolçular yorulur. Cinahlarda Denis və Faiq hücuma daha yaxşı qoşula bilərdi.


– Əvvəlki oyunlarda burada qələbə qazanmışdız. Bu dəfə nə çatmadı?

– Qol. Hücumda istədiyimiz effekti tam ala bilmədik.

– Murad Musayev olsaydı, oyun fərqli olardı?

– Demək çətindir. Bu gün onun komandası görünürdü. Oyun planında ciddi dəyişiklik görmədim. Futbolçu dəyişikliyi var idi, Marqarita və Parris əsas heyətdə başlamışdı. Başqa böyük dəyişiklik yox idi.

– Komandanın bu mövsüm üçün potensialı nəyə qadirdir?

– Mübarizə aparacağıq. Bu il qarşımıza başqa məqsədlər qoymuşuq və bunun üstündə çalışırıq. Hər oyun artırmaq istəyirik. Gücümüz çatan qədər mübarizə aparacağıq. Nəticədən önəmli faktorlar var – klub olaraq böyümək.

– Yaxın günlərdə Klublar Komitəsi ilə Hakimlər Komitəsinin görüşü oldu. Hansı dəyişikliyə ümid edirsiniz?

– Səhvlərin azalmasını istərdik. Bu gün iki tərəfin də narazı qaldığı epizodlar oldu. Lakin referi böyük ölçüdə oyunu idarə edə bildi. Gənc hakimlər çox səhvlər edir. Hakimlər Komitəsinin sədri Barış Şimşek də buna üzülür. Komandalar və hakimlər inkişaf etməlidir. İstəyimiz səhvlərin az olmasıdır.

– Son günlərdə legioner limitinin artırılması gündəmdədir. Azərbaycan futbolunun inkişafı baxımından bunu necə dəyərləndirirsiniz?

– Təəssüf. İnkişaf üçün ediləcək son şey budur. Stadionlar yoxdur, bunu həll etməliyik. Bu gün uşaqlar akademiyada qala bilmir. Yaxşı bazalar yaratmaq lazımdır. Böyük müzakirədir. Legioner limitinin artması ölkə futboluna nə fayda verəcək? Gənclərin inkişafı üçün stadion lazımdır, o da yoxdur. Klublar indi əsas komandaya daha çox pul xərcləyir. Amma aşağıları da düşünmək lazımdır. Bunlar olmazsa, inkişaf da olmaz. Bir mövsüm yola veriləcək, başqa heç nə.

– Limitin artırılması gələcəyinizlə bağlı hansısa qərara təsir edəcək?

– Xeyir, bizim planlarımız var, tələsməyəcəyik. Bir il bir milyon qənaət edib, dediyimiz yerlərə xərcləyə bilərik. Bunu transfer üçün də verə bilərdik. 70 yox, 120 minlik oyunçu gətirmək gücündəydik, amma istəmədik. Komandanın 6, 7, 8 yerlərdə olmasının fərqi yoxdur. Amma pula qənaət edib, stadion tikə, inkişaf edə bilərik. Limitin artırılması inkişaf demək deyil. Baxıram, izləyirəm. Hər kəs futbolun inkişafın istəyir. Nəticə olmayanda tələsmək lazım deyil. Azarkeş təzyiqi var, bu, başadüşüləndir. Onlar yaxşı nəticə tələb edir. Avrokuboklara gedə bilsək, super olacaq. Alınmazsa, faciə deyil. Böyük pul xərcləyib, legioner gətirmirik


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43