Uzun fasilədən sonra cari mövsüm evdə ilk matçına çıxan “Turan Tovuz” “Səbail”lə görüşdən məğlub ayrıldı (1:3). Dolu tribunalar önündə keçirilən matçda komanda çıxışı ilə azarkeşlərini məyus etdi.
Məğlubiyyətin səbəblərini və komandanın hədəfləri barədə “Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevlə danışdıq:
– “Səbail”lə oyunda məğlub oldunuz. Cari mövsüm ilk ev görüşündəki məğlubiyyətin səbəbi nə idi?
Oyuna yaxşı hazırlanmışdıq. Rəqibi də analiz etmişdik. Əslində gözlədiyimiz kimi oyun keçdi. Bilirdik ki, “Səbail” bizi əks-hücumlarda yaxalamağa çalışacaq. Qolu da standart vəziyyətdən buraxdıq. Çalışdıq ki, toparlanıb rəqibə cavab verək, amma alınmadı. İlk hissədə epizodlarımız olsa da, dəyərləndirə bilmədik. Uzun fasilədən sonra azarkeşlər önündə qələbə qazanmaq istəyirdik. Hava da olduqca isti idi. Həm rəqib üçün, həm də bizim üçün. Görüşün çətin keçəcəyini təxmin etmək olardı. Rəqibin müdafiəsini yara bilmədik. Oyun heç-heçə də bitə bilərdi. Ancaq sonlarda əks-hücumla “Səbail” qələbə qolunu vura bildi.
-İlk hissə komanda ümumiyyətlə, özünə bənzəmirdi…
Əslində ilk hissədə erkən qol buraxmaq bir az pis təsir etdi. Rəqibə baxsanız, heç irəli çıxmırdı. Arxada oturub imkan axtarırdı. Belə şanslarımız da oldu. Dəyərləndirə bilsək, oyun tamamən başqa cür olardı.
– Komanda səfərdə sanki daha yaxşı çıxış edir. Ev oyunlarında elə də yaxşı nəticə qazana bilmir…
Əksinə evdəki matçlara daha fərqli hazırlaşırıq. İstəyirik ki, azarkeşlərimiz önündə yalnız qələbə qazanaq. Çünki onların dəstəyini hər zaman hiss edirik. Tovuzda bilirsiniz ki, stadion dolu olur. Bəlkə də üzərimizdə bunun təzyiqi olur. Həddin dən artıq qələbə istəyi bir az çıxışımıza təsir edə bilər. Əsası odur ki, nəticə qazanmalıyıq.
-4 oyundan sonra komandanın 6 xalı var. Nəticələri necə dəyərləndirirsən?
“Səbail”lə oyundan öncə yalnız “Qarabağ”a məğlub olmuşduq. Əgər evdəki matçı da udsaydıq, hazırda 9 xalımız var idi. Əslində özümüzə uyğun rəqibləri məğlub etməyi bacarırıq. Ancaq təəssüf ki, “Səbail” görüşündə məğlub olduq. Açıq danışsaq, “Qarabağ”, “Sabah” və “Neftçi” rəqiblərindən iki dəfə üstün heyətə sahibdir. Düzdür, həmin oyunlarda da çıxıb mübarizə aparırsan. Ancaq əsas özümüzlə başa-baş olan komandalara qalib gəlməliyik. Yəni “Səbail”i məğlub etsəydik, onlardan aralana bilərdik. Ancaq hazırda durum dəyişdi. Çempionat yeni başlayıb. Qarşıda hələ çox oyunlar var.
-Ümumiyyətlə, cari mövsüm “Turan Tovuz”un hədəfləri nədir?
Yəni ikinci ildir yığılan komandayıq. Çalışırıq ki, rəqiblərə baş ağrısı olaq. Yaxşı nəticə göstərib azarkeşləri sevindirək. Avrokubok hədəfimiz var desəm, yalan olar. Bizim qarşımıza belə bir məqsəd qoyulmayıb. Mövsümü necə bitirəcəyimizi zaman göstərəcək. Mümkün qədər yuxarı pillələrdə olmaq istəyirik.
Həsən Quluzadə

