“Bakı çox dəyişib. Əvvəlki gəlişimlə müqayisədə daha gözəl bir şəhərə çevrilib. “Neftçi”ni seçməyimdə iki səbəb var. Birincisi, mənə görə bu komanda ölkənin ən böyük klubudur. İkinci isə rəhbərliyin yaxın vaxt üçün yaxşı bir layihəsinin olmasıdır. Əsas hədəfimiz “Neftçi”ni yenidən zirvəyə qaytarmaqdır”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu “CBC Sport”a danışarkən deyib. Rumıniyalı mütəxəssis komandanın qarşıdakı hədəflərindən də söz açıb:
“Biz yalnız ölkə çempionluğu barədə düşünmürük. Azərbaycanı Avropada layiqli şəkildə təmsil etməliyik. Bunun üçün ölkədə lazım olan hər cür şərait var. Bütün bunlar “Neftçi”ni seçməyimdə mühüm rol oynadı. Ən önəmlisi isə klubun planlarıdır. “Neftçi”ni daha yaxşı yerlərə çatdırmaq istəyirik. Təbbi ki, asan olmayacaq. Ancaq biz buna inanırıq.
Məşqçi olaraq nə etməliyəmsə, hər şeylə maraqlanacam. Daha sonra futbolçu və məşçqi kimi topladığım təcrübələrimi burada istifadə edəcəm. “Neftçi”yə işləmək üçün gəlmişəm. Beş köməkçim olacaq. Hamısı ilə bərabər İtaliyada və millidə futbol oynamışam. Əvəvlcə komanda ilə tanış olmaq istəyirəm. Hansı səviyyədə olduğumuzu analiz etməliyəm. Daha sonra klubu daha irəli aparmaq üçün çalışmağa başlayacağıq. “Neftçi”ni yuxarı yerlərə aparacağıma heç kimin şübhəsi olmasın”.
Gənc çalışdırıcı azarkeşlərlə bağlı da fikirlərini bildirib. O, Premyer Liqadakı çətin rəqabətdən də danışıb:
“Neftçi” azarkeşləri Avropada coşquları və klublarına sadiq olmaları ilə tanınır. Onların klubdan gözləntiləri böyükdür. Azarkeşlərlə çox yaxşı münasibət quracam. Bunun üçün zamana ehtiyacım var. Bütün hər şey nəticələrdən asılıdır. Güclü rəqabətin olması məni narahat etmir. Mübarizə olan yerdə inkişaf da olur. Qarşıdakı mövsümdə daha yaxşı mövqedə olacağımıza inanıram”.
Həsən Quluzadə

