Kateqoriyasız

Bizim çempionatda belə bir şey olmamışdı

“Araz Naxçıvan” Azərbaycan futbol tarixinə düşüb.

İdmanxeber.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, Muxtar Respublika təmsilçisi 1992-ci ildən təşkil olunan peşəkar səviyyəli turnirlərdə 5 və ya daha çox qol buraxan, lakin qalib gələn ilk komanda olub.

Bu, Birinci divizionun 22-ci turunun “Turan Tovuz-2” ilə səfər oyununda baş verib. Qonaqlar 6:5 hesabı ilə qələbə qazanıb. Azərbaycan çempionatının hər iki liqası (Premyer Liqa və Birinci divizion), kubokunun və Superkubokunun oyunlarında belə hadisə yaşanmamışdı.

Tovuz şəhər stadionundakı qarşılaşma Azərbaycan futbolu tarixinə hər iki komandanın 5 və ya daha çox qol vurduğu 6-cı görüş kimi düşüb. Bunadək bir dəfə Premyer Liqa (əvvəlki güclülər dəstəsi), dörd dəfə I Divizion (əvvəlki birinci dəstə) belə qarşılıqlı məhsuldarlıq qeydə alınıb.

Həmin oyunların hamısı heç-heçə bitdiyi üçün 5 və ya daha çox qol buraxanların heç biri qalib gəlməyib. Yüksək liqadakı görüş 6:6, digərləri eyni – 5:5 hesabı ilə yekunlaşıb.

1998/99. “Viləş” – “Turan” – 6:6
2007/08. “Abşeron” – “ANŞAD-Petrol” – 5:5
2013/14. “Karvan” – MOİK – 5:5
2015/16. “Zaqatala” – “Şərurspor” – 5:5
2018/19. “Səbail-2” – “Sumqayıt-2” – 5:5

11 qolun vurulduğu matç həm də mövsümün rekordu ilə yadda qalıb. Bunadək ən məhsuldar görüş 2022-ci il sentyabrın 14-də keçirilən “Zaqatala” – “Səbail-2” qarşılaşması idi – 5:4.

“Turan Tovuz-2” – “Araz Naxçıvan” qarşılaşması PFL-in tarixində 3-cü ən məhsuldar oyundur. 2008-ci ildən ölkə çempionatının iki liqası, kuboku və Superkubokunun təşkil edən qurumun bayrağı altında yalnız 2 dəfə daha çox qol vurulub. Hər iki matç bu dəfə olduğu kimi I Divizionda baş tutub. Bu qarşılaşmaların birində 14, digərində 12 top qeydə alınıb.

2016/17. “Səbail” – “Bakılı” – 11:3
2015/16. “Energetik” – “Neftçala” – 0:12


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43