Ölkəmizi Konfrans Liqasında təmsil edəcək “Zirə” heyətlə bağlı hazırlıqlarını davam etdirir. Qəsəbə təmsilçisində transfer çalışmaları artıq start götürüb. Yeni mövsümdə daha da güclənmək istəyən klub avrokuboklarda da yaxşı nəticə qazanmaq istəyir.
“Qartallar” “Şamaxı”dan Brahim Konatenin keçidini həll edib, heyətin əsas üzvlərindən olan Ruan Renato ilə də müqavilə uzadılıb. “Turan Tovuz”un aparıcı oyunçularından olan Alexandro Serrano da klubun gündəmindədir. Rəhbərlik ispaniyalı futbolçu üçün yüksək məbləğli maaş təklifi göndərib.
Heyətə cəlb ediləcək yeni futbolçularla yanaşı, yolların ayrılması nəzərdə tutulanlar da var. Performansı bəyənilməyən oyunçulardan biri Məqsəd İsayevdir.
Müqaviləsi yayda başa çatacaq müdafiəçinin sözləşməsinin yenilənib-yenilənməyəcəyi bəlli deyil. Ancaq Sadıqov onun mövqeyinə futbolçu axtarışındadır. Onun yerinə komandaya cəlb ediləcək yeni transferin isə əcnəbi olacağı bildirilir.
İdmanxeber.az

