Ölkə futbolu

“Canni De Byazinin yerinə xarici məşqçi gələcəksə, elə qalsa yaxşıdır”

“Millini qarşıda iki çətin oyun gözləyir – İsveç və Belçika komandaları ilə. Çoxları İsveçin artıq şansının qalmadığı üçün həvəssiz olacağını bildirir. Amma qətiyyən razı deyiləm. Milli komandalarda belə bir şey olmur. Kifayət qədər çətin oyun keçəcək. Qarşıdakı iki oyundan millidən 3 xal gözləyirəm. Olmasa da minimum 1 xal qazana bilərik”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq futbolçusu Rail Məlikov yığmanın AVRO-2024 seçmə mərhələsi çərçivəsində keçirəcəyi İsveç və Belçika görüşləri barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Belçika ilə səfərdə üz-üzə gələcəyik. Orada mübarizə aparmaq çətindir. Real danışsaq, qələbə qazanmaq şansımız elə də çox deyil”.

Məlikov yığmanın baş məşqçisi Canni De Byazi barədə də danışıb. O, italiyalının komandada qalıb-qalmaması barədə verilən suala belə cavab verib:

“Bu barədə çox danışılır. De Byazinin yerinə xarici məşqçi gələcəksə, elə qalsa yaxşıdır. Çünki gələn də vaxt istəyəcək, zaman lazım olacaq. Bunlar da əlavə vaxt itkisidir. Yox əgər yerli mütəxəssis gələcəksə, getməsinə müsbət yanaşıram. O zaman göndərilməsi uyğun olar.

Canni De Byazinin tərzinə baxanda görürük ki, komanda yaxşı oyun göstərir. Son matçlarda bunu hiss etmək olar. Axşamkı oyunda isə nələr baş verəcəyini bilmirəm. Amma komandanın öz tərzi var. Heyət seçimi də normaldır. Elə aşağı-yuxarı milliyə dəvət edilməli futbolçular bunlardı. Bəlkə bir-iki nəfər də əlavə etmək olardı, amma belə baxanda düzgün seçimdi”.

Azərbaycan – İsveç görüşü bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək. Oyun saat 21:00-da start götürəcək.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43