İdman

“Çempionlar Liqasında oynamaq istəyirik” – “Araz Naxçıvan”ın oyunçusu

“Mövsümü çox yaxşı keçirdik. 20 oyunun 19-da qələbə qazanmışıq. Pley-off sistemində də “Rekord”u məğlub edərək, finala yüksəldik. Həlledici görüşdə isə “Nefçti”dən üstün olub çempionluğu bayram etdik. Bizim üçün uğurlu mövsüm idi. Oyunlar çox rahat keçdi. Əsas rəqiblərimizi belə bütün görüşlərdə məğlub edə bildik”.

Bu sözləri idmanxeber.az saytına futzal üzrə “Araz Naxçıvan” komandanın qapıçısı Cavad Məmmədov deyib. Mövsümü çempion kimi tamamlayan bölgə təmsilçisinin qolkiperi komandanın avrokuboklardakı hədəfindən də danışıb:

“Ötən illərdə avrokuboklarda müəyyən uğursuzluqlar yaşamışıq. Ancaq bu il üçün hədəf başqadır. Çempionlar Liqasında qruplara vəsiqə qazanmaq istəyirik. Sonra qrupları keçib mümkün qədər irəliləməyi hədəfləyirik. Komandada bu potensial var. Kifayət qədər güclü heyətə sahibik. Abvrokuboklarda daha inamlı çıxış edib ölkəni layiqincə təmsil etməyi düşünürük”.

Millimizin üzvü karyerası barədə də söz açıb. O, gələcəkdə Avropa klublarında oynamaq istəyini bildirib:

“Bu il “Neftçi”dən “Araz Naxçıvan”a gəldim. Çox şükür ki, ilk mövsümdə də çempion oldum. Hələ gəncəm, karyeram qarşıdadır. Açığı, hər hansı bir Avropa klubundan təklif olub-olmadığını bilmirəm. Bu məsələlərlə klub rəhbərliyi maraqlanır. Bu barədə mənə hər hansı bir məlumat verilməyib. Mənə yalnız deyilib ki, təklif olsa, dəyərləndirməyə çalışacağıq. 

Milli komandada hələlik təcrübə toplayıram. 18 yaşımdan əsas komandaya dəvət almışam. Oradakı təcrübəli qapıçılardan dərs alıram. “Araz Naxçıvan”a gəlməyimin böyük şans olduğunu düşünürəm. Yeni mövsümdən daha uğurlu çıxış edib, özümü yaxşı tərəfdən göstərməyə çalışacam”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43