“Səbail” oyunçusu Adil Nağıyevin idmanxeber.az saytına müsahibəsi
-“Qəbələ” ilə oyunda əsas oyunçular meydanda olmadı. Kuboka önəm vermirsiniz?
-Bəzi futbolçuların zədəsi var idi, digərlərini də istirahət verilmişdi. Çünki 4 gündən bir oynamaq asan deyil, zədələr arta bilər. Bu, kuboka fikir vermirik anlamına gəlməməlidir. Meydanda olan futbolçular da əllərindən gələni etdilər. Ümummən oyuna yaxşı hazırlaşmışdıq. Çalışdıq ki, qələbə üçün mübarizə aparaq. Təəssüf ki, alınmadı. Amma hələ heç nə bitməyib, şansımız var. Bakıdakı oyunda daha yaxşı çıxış etməliyik.
-Komanda hesabda 2:0 öndə olsa da, qələbəni əldən verdi. Sanki özgüvən problemi yaşayırsınız…
-Əlbbətə, bəzən belə hallar olur. Premyer Liqada sonuncu pillədəyik, çətin dönəmdən keçirik. Bu durumda bir-birimizə dəstək olmalıyıq. Vəziyyətdən çıxmaq lazımdır. Həm kubokda, həm də Premyer Liqada yaxşı oyun göstərmək niyyətindəyik. Liqada qalmaqla yanaşı, ölkə kubokunda da final oynamaq hədəfimiz var. Məncə, bunu bacaraq gücdəyik. Heyətimiz də səviyyə olaraq geri qalmır. Ancaq rahat deyilik, üzərimizdə psixoloji gərginlik var. Əgər bir az yuxarı pillələrdə olsaq, rahat oynayıb fərqli nəticələr qazana bilərik. Çempionatı tərk etmək qorxusu oyunlarda bizə çox pis təsir edir.
-Sonuncu sıranı tutanın Premyer Liqanı tərk edəcəyi bildirilib. Yəqin ki, bu qərarın ləğv edilməsini ən çox siz istəyərsiniz…
-Belə bir qərar verilibsə, nə etmək olar, əlimizdən heç nə gəlmir. Əgər “Səbail”in, “Şamaxı”nın, “Sumqayıt”ın, “Kəpəz”in çempionatı tərk etməsi ölkə futboluna nəsə qazandıracaqsa, o zaman düşürsünlər. Bizim klubun şəraiti, sporsoru, hər şeyi var. Ayrı vaxtı komandalara sponsor axtarırlar ki, klublara dəstək olunsun. Əslində komanda sayını artırmaq lazımdır ki, futbolumuz inkişaf etsin. Hazırda ölkə futbolunda çox şey düzəlməlidir. Əvvəlcə onları həll etmək lazımdır, sonra sonuncu sıranı tutan çempionatdan düşürülər. İndiki vəziyyətdə kiminsə Premyer Liqanı tərk etməsi düzgün deyil.
-I Diviziona düşsəniz toparlana bilməzsiniz?
-Xeyr, çox çətin olar. Diviziona düşsək, klubun dağılmaq ehtimalı çoxdur. Bu da futbolumuza böyük zərbə olar.
-Sanki artıq sonuncu sıra ilə barışmısınız…
-Xeyr, qətiyyən barışmamışıq. Biz liqada qalacağıq və gələn mövsüm də çox iddialı bir komanda formalaşdıracağıq. Buna yüz faiz əminəm. Premyer Liqada qalmaq üçün hər şeyimizlə mübarizə aparacağıq. Sadəcə üzərimizdə psixoloji gərginlik var, bunun da öhdəsindən gələcəyik.
Həsən Quluzadə

