“Məşqçinin dəyişikləri uğurlu olmaya bilər. Ötən oyun Emil Səfərovla Ramil Şeydayev qol epizodu yaratdı. Bu dəfə alınmadı. Fikirləşdik ki, Filip Ozobiç və Ağadadaş Salyanski ayaqlarına zərbə aldıqları üçün ağrıları var idi. Hücumu gücləndirmək istədik. Bacarmadıq. Effekti görmədik. Futboldur da, bir dəfə tutar, bir dəfə tutmaz. Rəhman da, digərləri də fikirləşməlidilər ki, oyuna belə çıxmaq olmaz. Bacardığını qoymalısan ki, komandaya kömək edəsən”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 23-cü turunun “Qarabağ”la oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis daha sonra futbolçularının bu məğlubiyyətə çox üzüldüyünü bildirib:
“Futbolçularımı da başa düşmək olar. “Neftçi”nin böyüklüyü, əzəməti odur ki, 3 qələbədən sonra stadion doldu. Turnir cədvəlində 6-cı pilləsində olsaq da, işlərimiz yaxşı getməsə də, belədir. Bizə olan tələblərlə ən yüksək yerlərdir. Üç qələbəmiz azarkeşə çox ümid vermişdi. Sənə inanıb gəlirlər, üzülüb gedirlər. Futbolçular da insandır. Paltardəyişmə otağında ağlayan, üzülən oyunçular var. Bəlkə də ən doğrusu azarkeş yanına getməmək idi. Ümidlər qırıldı. Dünya dağılmayıb. Sabah yenə “Qarabağ”la oynayacağıq. Çalışacağıq ki, orda qalib gələk. Futbolçularıma haqq qazandırmıram, başa düşmək olar”.

