Fasilədən öncə çətin Gəncə səfərindən 3 xalla qayıdan “Araz Naxçıvan”da ab-hava olduqca yüksək görünür. Premyer Liqanın debütantı çempionata gözləniləndən daha yaxşı başlayıb. 7 xalla 7-ci sırada qərarlaşan Naxçıvan təmsilçisi geridə qalan oyunlarda pis təsir bağışlamayıb.
Hazırda komandanın əsas üzvlərindən biri də Turan Manafovdur. Ötən mövsümü “Səbail”də keçirən 25 yaşlı futbolçu nə Mahmud Qurbanov, nə də Şahin Diniyevin rəhbərliyində bu qədər forma şansı qazana bilmirdi. Cari mövsümə “Araz Naxçıvan”da başlayan Manafov 5 turun hamısında meydana əsas heyətdə başlayıb.
28 yaşlı müdafiəçi İdmanxeber.az saytına “Kəpəz” qələbəsi və komandanın bu mövsümkü hədəfləri barəsində danışıb:
– Fasilədən öncə Gəncədə “Kəpəz”ə qalib gəldiniz. Oyunu necə dəyərləndirirsən?
Gəncədə çətin oyun olacağı bəlli idi. Bakı ilə buranın havası belə eyni deyil. Meydança ağırdı, hava istidi və s. Gözlənilən kimi keçdi. Çalışdıq ki, ilk hissədə hesabda önə keçək. İstədiyimiz kimi də oldu. İkinci yarı isə üstünlüyü qorumaq lazım idi, bunu da bacardıq. Düzdü, ikinci hissə o qədər də yaxşı oynamadıq, ancaq bərbad da deyildik. Amma rəqib də hesabda önə keçsəydi, bizim kimi oynayacaqdı. Üstəlik, nəzərə alaq ki, səfərdə çıxış edirdik. Stadion, azarkeş amili hamısı rəqibin xeyirinə idi. Hər hücuma çıxanda tərəfdarların dəstəyi onlara motivasiya verirdi.
– Naxçıvanı təmsil etsəniz də, Bakıda oynayırsınız. Yəqin ki, siz də bu cür azarkeş qarşısında çıxış etmək istəyərdiniz…
Əlbəttə, istəyərik. Əgər Naxçıvanda oynasaq, daha böyük tərəfdar önündə çıxış edərik. Amma azarkeşlərimiz bizi Bakıda da tək qoymurlar. Sayları az da olsa, dəstək olurlar.
– Premyer Liqada ilk iliniz olsa da, pis təsir bağışlamırsınız. Bu sizin üçün nə qədər gözlənilən idi?
Məni ilk gündən demişəm ki, biz heç kimdən zəif deyilik. Yeni komanda olsaq da, özümüzü zəif saymırıq. Rəqiblərdən heç bir cəhətdən geridə qalmırıq. Mübarizə apararaq, kollektiv oyun göstərmək istəyən bir komanda olmağa çalışırıq.
– Adətən Premyer Liqaya yüksələn komandaların ilk hədəfi çempionatda qalmaq olur. Sizdə də belədir?
Yuxarı pillələri üçün oynayırıq. Hədəfimiz yüz faiz avrokuboklara qatılmaqdır. Bunun üçün bizə hər cür dəstək var. Biz əlimizdən gələni edirik, hədəfimizə çatacağımıza inanıram. Bunun üçün hər şərait var. Düzdür, çempionat zəif deyil. Maksimum xal toplayan “Zirə” xalı olmayan “Qəbələ”yə uduzur. “Qarabağ”dan 3 top buraxan “Turan Tovuz” “Sabah”a qalib gəlir. Mövsüm çox çətin olacaq. Bütün komandalardan hər şey gözləmək olar. “Kəpəz” Gəncədə “Neftçi”ni məğlub etmişdi, biz isə onlara qalib gəldik. İstənilən komanda güclüdür və iddialıdır.
– Milli komandanın oyunları ilə bağlı çempionatda fasilə yarandı. Səncə, bu sizə necə təsir edəcək?
Məncə, xeyirimizə olacaq. Daha yaxşı hazırlanmaq imkanımız var. Çünki biz mövsümə gec başlamışdıq. Həmin dönəmdə itirilən vaxtı bu fasilədə bərpa etməyə çalışacağıq. Komanda bu müddətdə bir-birinə daha çox uyğunlaşa bilər. Fasilə bizim üçün yaxşı fürsət oldu.
– Fasilədən sonra “Neftçi” ilə üz-üzə gələcəksiniz…
– Açığı, fərq etmir. Bu dəqiqə çempionatda digərindən çox üstün komanda yoxdur. Əvvəllər “Qarabağ” belə idi. Başlayan kimi hamını udurdu. Normalda bu gün onlar 5 oyuna 15 xal yığmalı idilər. Ancaq görürsünüz ki, çoxlu xal itiriblər. Ona görə də rəqibin kimliyi önəmli deyil. “Neftçi”dən də çəkinmirik.
– Bu mövsüm stabil olaraq bütün oyunlarda əsas heyətdə çıxış etmisən. Millinin görüşləri üçün Canni De Byazidən dəvət gözləyirdin?
Bütün oyunçular millidə çıxış etmək istəyər. Çağırsa təbii ki, mənim üçün yaxşı olardı. Düzdür, bir dəfə yoxlanışa dəvət olunmuşdum. Amma hazırda çağırılmıramsa, demək ki, hələ çatışmayan şeylər var. Baş məşqçinin bu qərarı mənə əlavə motivasiya verəcək. Deməli, digərlərindən hələ əskikliyim var və daha çox çalışmaq lazımdır. Açığı, dəvət gəlməyibsə, günahı özümüzdə görürəm.
Həsən Quluzadə

