Azərbaycan II Liqasının ilk turuna yekun vurulub. Əsasən bölgələrdə keçirilən matçlar futbol ictimaiyyətində və sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. Komandaların əzmkarlığı, vurulan baxımlı qollar demək olar ki, iki gündür gündəmdən düşmür.
İlk turun maraqlı oyunlarından biri də Ağdaşda keçirilib. Yerli komanda doğma meydanda “Şahdağ Qusar”ı qəbul edib. “Ağdaş” matçda 2:0 önə keçsə də, hesabı qoruya bilməyib və oyun bərabərliklə sona çatıb -2:2.
Qarşılaşmada ev sahibi komandanın qollarının hər ikisini də Xəzər Məmmədov vurub. 33 yaşlı futbolçunun matçdakı ilk qolu azarkeşlər və sosial şəbəkə istifadəçiləri tərəfindən böyük rəğbət qazanıb. Bu səbəbdən də Məmmədovun ilk oyun barədə təəssüratlarını öyrənmək üçün özü ilə əlaqə saxladıq:
“Rəqibin gücünü bilirdik. Heyətlərində Premyer Liqada çıxış etmiş futbolçu var idi. Təcrübə baxımından da bizdən üstün idilər. Hazırlıqlı komandaya qarşı çıxış etdik. Məqsədimiz verilən tapşırıqları yerinə yetirmək, rəqibi ikinci zonada qarşılayıb əks-hücuma çıxmaq idi. Nisbətən bacara bildik. İki top fərqi ilə önə keçsək də, təəssüf ki, hesabı qoruya bilmədik. Açığı, “Şahdağ Qusar” fiziki olaraq bizdən daha yaxşı vəziyyətdədir. Bizim komanda isə yeni yaranıb, heyətdə gənc oyunçular var”.
Məmmədov iki gündür böyük maraq görən qolu barədə də danışıb. O, bunun özü üçün çox xoş olduğunu bildirib:
“Əlbəttə, bir hücumçu ücün qol vurmaq vacib amildir. Oyunlarda fərqləndikcə özgüvən daha da artır. Amma mənim ücün önəmli olan komandanın nəticəsi idi. Vurduğum qolların qələbələrdə böyük rol oynaması və komandada inam yaranması daha yaxşıdı. İlk qolum barədə danışılması, baxımlı alınması məni çox qürurlandırdı. Amma əsas komandamızn nəticə qazanmasıdır.
Azarkeşlərə mənə, komandaya göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Bizə inanmağa davam etsinlər və səbirli olsunlar. Çünki yeni yaranan gənc kolektivimiz var, vaxt keçdikcə daha yaxşı çıxış edəcəyik. Matçlarda dominantlıq edən komanda görəcəklər meydanda. Sadəcə, biraz vaxt lazımdı. Mən də çalışacam ki, qollarımla həm azarkeşləri sevindirim, həm də komandaya kömək edim”.
Həsən Quluzadə
“Ağdaş” – “Şahdağ Qusar” matçının icmalı:

