Kateqoriyasız

“İndi gurultulu bəyanatlar verməyəcəm” – Emin Mahmudov

“Neftçi”nin futbolçusu Emin Mahmudov klubun rəsmi saytına müsahibə verib. İdmanxeber.az-ın məlumatına görə, təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirən kapitan azarkeşlərə səslənib.

– Kapitan, yeni mövsümə hazırlıqlar necə gedir?

– Toplanışın başlanğıcıdır deyə, əsas diqqət fiziki hazırlığa yönəlib. Çoxlu qaçış təmrinləri olur. Hamı istəkli məşq edir. Yeni mövsümə ciddi hazırlaşırıq.

– Komandaya yeni qoşulanlar necə təsir bağışlayır? İlk təəssüratların necədir?

– Yeni transferlər özlərini göstərmək vəziyyətində deyillər. Onlar qaçırlar (gülür). Yenilərin hamısı Azərbaycan çempionatının iştirakçısı olduğu üçün biz onların səviyyəsinə bələdik. Əminəm ki, yenilər komandamızı daha da gücləndirəcəklər.

– “Neftçi” kimi böyük komandanın kapitanı olmaq necə hissdir?

– Məsuliyyətimi dərk edirəm. Bunadək meydanda var gücümlə oynayırdım, belə də davam edəcəm. Bu mənada heç nə dəyişməyəcək. Təbii ki, belə bir komandanın kapitanı olmaq çox xoşdur.

– Komandanın lideri olaraq Avroliqa və çempionatdan gözləntilərin nədir?

– İndi gurultulu bəyanatlar verməyəcəm. Bizə oyundan oyuna artırmaq, bütün matçlarda qələbə qazanmaq və yalnız bu haqda düşünmək lazımdır.

– Bu yolda azarkeşlərə bir kapitan olaraq nə demək istərdin?

– Azarkeşlərə demək istəyirəm ki, komandaya inanmağa davam etsinlər, sonadək dəstəkləsinlər. Hansısa dedi-qodulara görə komandadan üz döndərməsinlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43