Kateqoriyasız

“Ondan üzr istədim” – De Byazi

“Oyuna yaxşı başladıq. Renat gözəl qol vurdu. Hərçənd qola qədər üç imkanımız olmuşdu. İkinci hissə isə bir qədər fərqli oldu. Yorğunluq hiss olunurdu. Gənc komandamız var. Gələcək üçün yaxşı işlər görə bilərik. Bizə vaxt lazımdır ki, daha çox inkişaf edək. Oyundan çox razı qaldım. Futbolçular bütün tapşırıqları yerinə yetirdi. Xoşuma gəlməyən məqam pressinq zamanı oyunu daha yaxşı idarə edə bilməməyimiz oldu. Futbolçuların fiziki durumu yaxşı idi. Bəzilərində isə yorğunluq nəzərə çarpırdı”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri UEFA Millətlər Liqasında Slovakiyaya qalib gələn Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi matç barədə fikirlərini bildirərkən deyib.

O, oyunsonrası mətbuat konfransında 2:1 hesablı qələbəni belə şərh edib:

“Sabah istirahət edib, ümumi vəziyyətə baxacağıq. Qazaxıstanla oyunda kimin oynayacağını deyə bilmərəm. Riçard Almeyda ikinci sarı vərəqə aldığı üçün komandaya kömək edə bilməyəcək. Onun cəzalı duruma düşməsi məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərə şans vermək istəyirdim. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da şans vermək lazımdır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43