l Divizion Ölkə futbolu

“Özümü Premyer Liqa səviyyəsində görürəm” – “İmişli”nin futbolçusu

“Mövsümün əvvəlindən qarşımıza böyük hədəflər qoyulmamışdı. İrəli pillələr üçün məqsədimiz yox idi. Bəzi futbolçular ilk dəfə idi ki, peşəkar səviyyədə oyuna çıxırdılar. Əlbəttə, sonuncu yer üçün mübarizə aparmırıq. Ancaq təəssüf ki, hələlik belə alınıb”.

Bu sözləri idmanxeber.az saytına I Divizion təmsilçisi “İmişli”də çıxış edən Ülvi İbazadə komandanın çempionatdakı çıxışı barədə danışarkən deyib. O, növbəti mövsümdən bölgə təmsilçisinin daha yaxşı olacağını vurğulayıb:

“Bizim komanda əsas növbəti mövsüm üçün qurulub. Rəhbərlik də deyib ki, gələn mövsümdən yaxşı komanda yığılacaq, daha yuxarı pillələrə iddialı olacağıq. Hətta Premyer Liqa hədəfi də var. Mövsümün böyük hissəsini stadionumuzun durumuna görə Saatlıda oynadıq. Bu da çıxışımıza təsir etdi. Azarkeşlərimizdən uzaq düşmüşdük.

Hazırda komandanın şəraiti yaxşıdır. Bazada qalmaq üçün yer, yemək-içmək hər şey qaydasındadır. Maaşlarımız da vaxtında verilir, hərdən mükafat da olur. İmişlidə futbola kifayət qədər maraq var. Digər rayonlarla müqayisədə burada futbolu çox sevirlər”.

Bir dönəm “Sabah” və “Qəbələ” kimi klublarda çıxış edən 26 yaşlı futbolçu yenidən Premyer Liqaya qayıtmaq istədiyini bildirib:

“Əsas liqada limit söhbəti var. Bu səbəbdən artıq mən “qoca” gedirəm, heç kimə lazım deyiləm. Ancaq bu dəqiqə şans verilsə, Premyer Liqada oynaya bilərəm, özümdə o gücü hiss edirəm. Düzdür, hazırda müalicə alıram. “Qarabağ 2″ ilə matçda zədələndiyim üçün Bakıda xəstəxanadayam. Təxminən 2 həftə müalicəm davam edəcək”.

“İmişli” hazırda I Divizionda 19 xalla 15 komanda içərisində 14-cü pillədədir.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43