“Xəzər Lənkəran” çempionatdakı yerindən asılı olmayaraq çətin rəqibdir. Düzdür, hazırda çox da yaxşı mövqedə qərar tutmayıblar, amma görünən reallıq budur”.
Bu sözləri “Bakı” klubunun baş məşqçisi Milinko Pantiç “Xəzər Lənkəran”la oyunöncəsi danışarkən səsləndirib.
Serbiyalı mütəxəssis ilk dövrədə məğlub olduqları “Xəzər Lənkəran”dan revanş almaq istədiklərini bildirib: “İlk dövrə oyununda müəyyən səbəblərdən məğlub olduq. Sabah biz meydançanı yaxşı sulayacağıq ki, azarkeşlər sürətli futbol görə bilsin. Revanş almaq da öz yerində. Bəzilərindən fərqli olaraq, meydaçanı daş kimi sərt etmək istəmirik. Onlar idmana yardım etmirlər, oyunçularına yazıqları gəlmir. Bu üzdən belə addım atırlar. Çalışacağıq ki, futbola məxsus maraqlı tamaşa göstərək.
“Neftçi”yə məğlubiyyətdən sonra psixoloji hazırlıqda problem yoxdur. Biz nə Madrid “Real”ıyıq, nə də “Barselona”. Gənc qapıçımız Elxan Əhmədov haqda mətbuatda səslənən tənqidi fikirlərə gəlincə, ikinci dövrənin sonuna kimi qapını o qoruyacaq. Nə etdiyimi bilirəm, hesab edin ki, mən 500 ildir ki, futboldayam. Belə olan halda nə dediyim dəqiq anlaşılar. Qapıya Elxanı yox, Edin Nuredinoskini qoysam, tənqidçilər məni qaldığım yerdən bayıra atarlar” .