Ölkə futbolu

“Premyer Liqadan düşmək istəmirik” – Şahin Diniyev

Misli Premyer Liqasının 33-cü turunda “Səbail” səfərdə “Sumqayıt”ın qonağı olub.

İdmanxeber.az-ın məlumatına görə, görüş “dənizçilər”in 3:1 qələbəsi ilə başa çatıb. Matçın ardından “Səbail”in baş məşqçisi Şahin Diniyev qarşılaşma barədə fikirlərini bildirib:

“Çətin oyun idi. “Qəbələ” ilə görüşü də saysaq, hamısı finala bərabərdir. Maksimum konsentrasiya olub, xallar qazanmaq niyyətindəyik. Premyer Liqadan düşmək istəmirik. Ona görə də, komanda bu gün vuruşdu.

 Qələbədən də başqa, komandanın göstərdiyi samballı oyun idi. Düşünülmüş, dominant oyun oynadıq. Buraxdığımız qol bizi “sındırdı”. Amma xarakter göstərdik. Komanda sürəti azaltmadı, təzyiqi daha da çoxaltdı. Bunun da nəticəsi kimi qələbə qazandıq. Uşaqları təbrik edirəm. Ən yaxşı oyunlarımızdan birini oynaya bildik. “Sumqayıt”a da təşəkkür edirəm, yaxşı oyun alındı. Premyer Liqaya layiq oyun idi, qarşılıqlı hücumlar şəraitində keçdi.

Oyun keyfiyyəti var idi. Fikirləşirdik ki, ilk yarıda mübarizə aparaq. İkinci yarıda isə sürətli, texnikalı futbolçuları meydana buraxaraq oyunun taleyini həll edək. Əvəzetmələr özünü doğrultdu. Ondan qabaq qolumuzu vurmuşduq. Amma əvəzetmələr oyunun sürətini, keyfiyyətini daha da artırdı. Bugünkü qələbəyə görə çox şadam. Bu gün xarakter göstərdik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43