Ölkə futbolu

“Qarabağ”- Ağdam- Azərbaycan!

Sonuncu dəfə 1993-cü ildə çempionluq sevinci yaşayan Ağdamın “Qarabağ” futbol komandası  21 ildir ölkə çempionluğuna həsrət idi. Klub dəfələrlə çempionluğun astanasında olsa da, şansı əldən verərək, yalnız gümüş və bürünc mükafatlarla kifayətlənmişdir. Klub müvafiq olaraq 2001/02,2003/04, 2009/10 və 2010/11-ci illər mövsümündə bürünc, 1993/94, 1996/97 və 2012/13-cü illər mövsümündə çempionatı gümüş medallarla başa vurub. 
Bundan əlavə, “atlılar” 3 dəfə (1993, 2005/06, 2008/09) Azərbaycan kubokunu başı üzərinə qaldırmağa nail olublar.

Klubun tarixi


Qarabağımızın gözəl guşələrindən olan Ağdam şəhərini təmsil edən klub, təkcə ağdamlıların deyil, qarabağlıların, bütün azərbaycanlıların qürur yeridir. Məcburi köçkün statuslu didərginlərin təsəllisidir. “Qarabağ” Azərbaycan klubları arasında tarixi ənənələrə malik olan azsaylı komandalardan biridir. 1951-ci ildə “Məhsul” adı ilə fəaliyyətə başlayan klub Qarabağ adı ilə ilk dəfə 1987-ci ildə yarışlara qoşulmuşdur. Buna qədər klub müxtəlif dövrlərdə “Şəfəq” və “Kooperator” adı ilə çıxış etmişdir. “Məhsul” adı çıxış edən “Qarabağ” ilk dəfə 1966-cı ildə Azərbaycan SSR çempionatında iştirak etmişdir. Həmin il çempionatı 4-cü yerdə başa vuran “Qarabağ” 4 il ardıcıl olaraq ölkə birinciliyində mübarizə apardı. Bu illər ərzində ən yaxşı nəticəsi 1968-ci ildə 2-ci yerdə qərarlaşmaq oldu. Lakin, 1968-ci ildən sonra maddi problemlər səbəbindən ağdamlılar uzun müddət ölkə çempionatlarında təmsil olunmadı. 1977-ci ildə “Qarabağ” yenidən “Şəfəq” adı ilə bərpa edildi. Elə həmin il “Şəfəq” Azərbaycan SSR çempionatının 2-ci dəstəsində yarışdı. “Şəfəq” 1982-ci ilə qədər Ağdam futbolunun yeganə təmsilçisi idi. 1982-ci ildən 1987-ci ilə qədər isə klub “Kooperator” adı ilə mübarizə apardı. “Qarabağ” ilk dəfə Azərbaycan SSR çempionu adına 1988-ci ildə layiq görüldü.

“Qarabağ” 1990-cı illərin əvvəllərindən istər maddi istərsə də mənəvi sıxıntılar burulğanına düşdü. Birinci məsələ əsrin əvvəllərində nüfuzlu şirkətin sponsorluğu ilə kifayət qədər yüksək həllini tapsa da, klub 1993-cü ilin 23 iyulundan “qaçqın klub” statusu daşıyır. Həlli gecikən Qarabağ problemi, Qarabağ dərdi klubun çıxışlarını ikiqat əhəmiyyətli edir. Bəli, “Qarabağ” futbol klubunun nəticələri tək idman çərçivəsində maraq doğurmur.

 2009-cu ildən bu yana UEFA kubokunun(hazırki Avroliqa) təsnifat yarışlarında yarışlarında uğurlu çıxış sərgiləyən “Qarabağ” hazırda Azərbaycanın ən reytinqli klubudur. Aprel ayına olan reytinq cədvəlində dünya klubları arasında 210-cu pillədə qərarlaşan “Qarabağ”ın bu göstəricidə daxili yarışlarda çiyin-çiyinə çıxış etdiyi ən yaxın rəqibi, paytaxtın “Neftçi” klubudur.

 Son 5 ilin avrokubok nəticələri

 2009-cu ildə üçüncü dəfə Azərbaycan kubokunu qazanmaqla, ölkəmizi Avropa arenasında təmsil etmək hüququ qazanan “Qarabağ” Azərbaycan klubları arasında ilk dəfə son təsnifat mərhələsinədək gəlməyi bacardı. Norveçin adlı-sanlı kifaətə qədər Avropa təcrübəsinə malik “Rusenborq” Finlandiyanın “Honka” klublarını məğlub etdikdən sonra son təsnifat mərhələsində iki oyunun nəticəsində gələcək Hollandiya çempionu “Tvente”yə (1-3, 0-0) yenilməklə qrup mərhələsinə qatılmaq şansını əldən verdi. Sonrakı mövsümdə çempionatın bürünc medallarına layiq görülən ağdamlılar, bu dəfə yarışlara ilk təsnifat mərhələsindən başladı. Makedoniyanın “Metallurq” , Şimali İrlandiyanın “Potrtadaun”, Polşanın adlı-sanlı “Visla” klublarını sıradan çıxarmağı bacaran “Qarabağ”, yenə  sonuncu təsnifat mərhələsinin püşkatmasında bəxtsizliklə üzləşdi. Kor püşkün nəticəsinə görə Almaniyanın adlı- sanlı, 1997-ci il UEFA Çempionlar Liqasının qalibi olmuş “Borussiya” Dortmund klubu ilə qarşılaşan ağdamlılar, bu dəfə də qrup mərhələsinin bir addımlığında dayandı. Görüş gözlənildiyi kimi, almanların (0-4, 0-1) qələbəsi ilə başa çatdı. 2011-12 mövsümündə klub üçüncü təsnifat mərhələsinədək gəlməyi bacardı ki, bunadək bütün Azərbaycan klubları mübarizəni dayandırmışdı. Adıçəkilən mərhələdə Belçikanın dünyaca məşhur “Brügge” klubuna iki oyunun nəticəsində məğlub olan (1-4, 1-0) Ağdam klubu, sonrakı mövsümdə Avropa arenasında görünmədi. Buna səbəb klubun ölkə çempionatında dördüncü pilləni tutması idi ki, bu yer beynəlxalq yarışlara qatılmaq imkanı vermir. Keçən mövsüm isə “Qarabağ” “atalar üçdən deyib” məsəlini doğrulda bilmədi. Çempionatın gümüş medallarına layiq görülən Qurban Qurbanovun yetirmələri, ard-arda Makedoniyanın “Metallurq”, Polşanın “Piast”, bütün əks proqnozlara rəğmən, İsveçin “Gefle” klubunu məğlub etdikdən sonra tarixində üçüncü dəfə pley-off mərhələsində oynamaq imkanı qazandı. Kor püşkün nəticəsi daha bir nüfuzlu alman klubunu “Qarabağ”a rəqib etdi. Rəqib “Aynrtaxt” Frankfurt idi. Daxili çempionatda adından söz etdirən Frankfurt təmsilçisi üçün “Qarabağ”ı keçmək heç də asan başa gəlmədi. Xüsusən, Almaniyadakı oyunda inamlı çıxış sərgiləyən ağdamlılar rəqibə xeyli gərgin anlar yaşatmağı bacardı. Lakin Almaniya və Azərbaycan çempionatları arasındakı səviyyə fərqi yenə də öz sözünü dedi. Keçirdiyi 8 oyunun beşində qələbə qazanan “atlılar” ölkəmizin klub reytinqinə xeyli sayda reytinq xalı əlavə etdi.

Perspektivlər

 2013/2014 mövsümündə qarşısıalınmaz olan olan “Qarabağ”, 21 ildən sonra ikinci dəfə Azərbaycan çempionu adına yiyələndi. Sona iki tur qalmış çempionluğu rəsmiləşdirən Qurbanovun yetirmələri ölkəmizi tarixində ilk dəfə UEFA Çempionlar Liqası turnirində təmsil etmək hüququ qazandı. İllərdir layiq olduğu, son anda əldən verdikləri çempionluğa qovuşan komandanın qarşısında xeyli üfüqlər açılır. İndiyədək mübarizə apardığı UEFA Avropa Liqasında bir neçə mərhələni keçmək məcburiyyətində qalan “Qafqazın Barselonası” üçün ÇL xeyli perspektivlər yaradır. Klubumuzun ilk (yəni, ikinci) mərhələni keçməsi kifayətdir ki, iki şans yaxalasın. Belə ki, klub üçüncü mərhələdə məğlub olacağı təqdirdə belə, Avropoya vida etməyəcək. Bu mərhələdə məğlub olan klub birbaşa Avroliqanın pley-off mərhələsinə vəsiqə qazanır. Bu da əlavə şans deməkdir. Üçüncü mərhələni keçməklə isə ən azından, Avroliqanın qrup mərhələsindəki çıxışı təmin etmək olar. Hər iki turnir arasında kifayət qədər səviyyə fərqi olsa da təsnifatda vəziyyət tam fərqlidir. Burada aşağı reytinqə malik olan ölkə təmsilçilərinin nüfuzlu ölkə təmsilçiləri ilə düşmək ehtimalı yoxdur. Bu da o deməkdir ki, “Qarabağ” bu dəfə nə alman, nə də holland klubu ilə qarşılaşmayacaq. Ən pis halda qarşılaşacağımız rəqib Türkiyə, Şotlandiya və Yunanıstan  təmsilçiləri ola bilər. Reytinq xallarına görə “səpələnmişlər” səbətində yer alan “Qarabağ” ilk mərhələdə kifayət qədər zəif klubla görüşəcək.

Son illər göstərdiyi oyun, qurduğu heyət, Qurbanovun sayəsində təşkil edilən nizamlı kollektiv “Qarabağ”ın kifayət qədər inamlı çıxış edəcəyinə zəmanət verir. İştirakı tək idman çərçivəsində maraq doğurmayan, müəyyən qədər siyasi təbliğat xarakteri daşıyan klubumuzun əsas mərhələyə adlayacağı,  və nəticədə QARABAĞ-AĞDAM-AZƏRBAYCAN birləşməsinin yaradacağı rezonansa şahidlik etmək ümidi ilə, çempionluğun mübarək, “QARABAĞ”!

Sahib Əsədbəyli



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43