Kateqoriyasız

“Qarabağ”ın əsas istəyi də məhz bu idi” – “Frayburq”un futbolçusu

“Üç xal qazandığımız üçün sevinirik. Hesab 2:0 olduqdan sonra rahat atmosfer yarandı və insanlar düşündülər ki, asan oyun və əsl futbol şənliyi olacaq. Matçın startının uğurlu alınması məni də təəccübləndirdi”.

Idmanxeber.az xəbər verir ki, bu sözləri Almaniya “Frayburq”unun futbolçusu Nils Petersen evdə “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1-ci tur matçı barədə “Kicker” nəşrinə müsahibəsində deyib.

Petersen buraxdıqları qoldan sonra yaxşı oynamadıqlarını söyləyib:

“Bir anlıq çaşqınlıq yarandı. Düzdür, qələbə qazandıq. Amma bu oyunu tənqidi təhlil edəcəyik. Bizim üçün çətin başlanğıc idi. Hamı istənilən halda bizdən qələbə gözləyirdi. Amma rəqib pis oynamadı. Təsnifat mərhələsində bir neçə güclü komandanı mübarizədən kənarlaşdırıb. Qrupda bir neçə xal qazanacaqlarını düşünürəm”.

34 yaşlı hücumçu ilk 25 dəqiqədən sonra zəif çıxış etmələrinin səbəbini açıqlayıb:

“Rəqibin “əl”inə oynamağa başladıq. Nəticədə onlara boş sahə verdik. Qonaqların əsas istəyi də məhz bu idi. Topla çox yaxşı rəftar edirdilər. Hərdən sadəcə, onları izləyirdik. Bəzi epizodlarda isə rəqibi topdan məhrum edirdik. Lakin bu, tez-tez olmurdu. Xoşbəxtlikdən, qalib gəldik. Əsas nəticədir. “Qarabağ” bizdən qat-qat artıq beynəlxalq təcrübəyə malikdir. Fikrimcə, gələn həftə Pireydə bu cür təzyiqə məruz qalmayacağıq”.

“Qarabağ” və “Frayburq” arasında növbəti oyun noyabrın 3-də Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43