Kateqoriyasız

Qurban Qurbanov: “Bizi yalnız bu amil narahat edir”

“Bütün futbolçular hazırdır. Sadəcə, Marko Yankoviçlə bağlı sabah qərar verəcəyik. Həkimlərin müayinəsindən sonra durumuna aydınlıq gələcək”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunundan əvvəl mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis rəqib komandadakı həmkarı haqqında məlumatının çox olduğunu bildirib: “Yaxşı, bacarıqlı mütəxəssisdir. Aqressiv və sürətli futbol tələb edir. Son çempionat matçında da dinamika yüksək idi. Baş məşqçiyə qarşı tam hazırlaşa bilməyəcəyik. Çox diqqətli olmalıyıq. Oyun ərzində görmədiyimiz detallar ola bilər. Bizi yalnız bu amil narahat edir. Amma öz oyunumuz haqqında düşünməli, meydanda daha çox mübarizə aparmalıyıq. İnanıram ki, maraqlı görüşün şahidi olacaqsınız”.

O, “Olimpiakos”dan hansısa futbolçunu fərqləndirmək istəmədiyini söyləyib: “Heç vaxt kimisə digərlərindən üstün tutmamışam. “Olimpiakos” kollektiv oyuna üstünlük verir. Amma hər bir futbolçunun potensialını bilirik. Bununla bağlı bizdə lazımi məlumatlar var”.

Qeyd edək ki, oktyabrın 6-da “Georgios Karaiskakis” stadionunda keçiriləcək “Olimpiakos” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43