Kateqoriyasız

“Rəşad Sadıqovun ailəsinə ayırmağa vaxtı belə yoxdur” – Ramin Musayev

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan I Divizionunda medalçıların mükafatlandırılma mərasimindən sonra “Report”un suallarını cavablandırıb.

“Çempionun Premyer Liqaya çıxa bilməməsi bizi üzür”

– I Divizionda mübarizə başa çatdı və medalçılar mükafatlandırıldı. Ümumiyyətlə, aşağı dəstədə mübarizə necə keçdi?

– İkinci və üçüncü yerlərin sahibləri son turda bilindi. Bunun özü də sevindirici haldır. Düzdür, “Qaradağ Lökbatan” sona 4 tur qalmış çempionluğunu rəsmiləşdirmişdi. Amma digər 2 yer uğrunda mübarizə son turadək getdi. Bəzən çempion komandanın Premyer Liqaya vəsiqə qazana bilməməsi bizi üzür. Bu, kimlərin günahıdır, yəqin ki, onlar cavab verməlidir. Lakin gənclərə, bombardirə baxanda ürəyimiz də açılır ki, hamısı öz uşaqlarımızdır. Hamısı böyük həvəslə medal alır, sevinir. Amma onlara şərait yaradılmalıdır ki, Premyer Liqada özlərini göstərsinlər və ən vacibi, milli komandaya çağırılsınlar. Aşağı dəstədə çıxış edən oyunçular üçün stimul olmalıdır. Çempionat ona görə keçirilir ki, yığma üçün futbolçu tapa bilək. Həmin uşaqlar bizi ölkə xaricində təmsil etsinlər, sevindirsinlər. Əsas məqsədimiz budur.

– Növbəti mövsüm Premyer Liqada 10 komanda mübarizə aparacaq. Bu, reqlamentdə hər hansı dəyişikliyə səbəb ola bilər?

– Oyun sayı nə qədər çox olsa, futbolçular üçün o qədər yaxşıdır. Çempionat milli komandaya görə keçirilir. Çalışırıq ki, oyunçularımız daha peşəkar olsunlar. Növbəti mövsüm də 4 dövrəli çempionat olmalıdır.

“Gələn mövsüm azı 4-5 komanda çempionluq mübarizəsi aparacaq”

– Artıq Premyer Liqada da bütün suallara böyük ölçüdə aydınlıq gəlib. Yalnız üçüncü yerin sahibi son turda dəqiqləşəcək. Başlayaq “Qarabağ”ın çempionluğundan…

– “Qarabağ” çempionluğa layiq idi ki, bunu sona 3 tur qalmış təmin etdi. Ağdam təmsilçisi artıq oturuşmuş komandadır. Qurban Qurbanovun əziyyətini. zəhmətini itirmək olmaz. Sizin vasitənizlə baş məşqçini təbrik edirəm. Qurban çempionluğa layiq oğlan və mütəxəssisdir. “Qarabağ” rəhbərliyi də komandanı hər şeylə təmin edir. Həmin peşəkarlığın nəticəsidir ki, komanda çempion oldu. Düzdür, ötən mövsüm qızıl medalları “Neftçi” qazandı. Düşünürəm ki, gələn mövsüm çempionatımız daha gərgin və ağır olacaq. Çünki iddialı komandalarımızın sayı artır. Bura “Sabah”la “Zirə”ni də əlavə etmək olar. Fikrimcə, növbəti mövsümdə çempionluğa oynayan komanda tək “Qarabağ” olmayacaq. Ən azı 4-5 komanda qızıl medallar üçün mübarizə aparacaq.

– Sizcə, son çempion “Neftçi” niyə titulunu qoruya bilmədi?

– “Neftçi” haqqında danışmaq mənə çətindir, çünki bu klubda işləmişəm. “Neftçi” uşaqlıqdan sevdiyim komanda olub. Bu, danılmaz faktdır. Başqa komandamız olmayıb. Komanda istədiyi nəticəni qazana bilməyəndə günah kimdə olur? Baş məşqçidə. Samir Abasovu çox istəyirəm, hər zaman məsuliyyəti öz üzərinə götürür. Düzdür, hər şeyi baş məşqçinin boynuna atmaq da olmaz. Amma elə şeylər də var ki, onları deyə bilmirsən.

– Samir Abasovdan söz düşmüşkən, “Qəbələ” ilə səfər oyunundan sonra “Neftçi” azarkeşləri ilə arasında qalmaqal baş verdi. 44 yaşlı mütəxəssisin fanatlarla bağlı səsləndirdiyi fikirlərə münasibətiniz necədir?

– Belə bir məsəl var ki, müştəri hər zaman haqlıdır. Azarkeş nə istəyir? Onların arzusu sevimli komandalarının layiqli oyun göstərməsidir. Fanatlar qələbə qazanılan oyundan da narazı qala bilərlər. Bu, onların haqqıdır. Komanda qəlib gəlməklə yanaşı, yaxşı oyun da göstərməlidir. Samir Abasov bir az çılğın, emosional insandır. Amma azarkeşlə dil tapmaq lazımdır. Çünki biz fanatlara borcluyuq. Onlar heç bir təmənna güdmədən qarda, yağışda, istidə bizim yanımızda olurlar. Ona görə də azarkeşləri başa düşməli, fikirlərinə hörmətlə yanaşmalıyıq.

“Samir Abasovun “Neftçi”dən göndərilməsi düzgün olmaz”

– Artıq Abasovun istefası müzakirə olunur və iddiaya görə, klub rəhbərliyi baş məşqçi postuna namizədlərlə danışıqlara start verib. Siz nə məsləhət görərdiniz: Abasov qalmalıdır, yoxsa onunla yollar ayrılmalıdır?

– İkinci yer pis nəticə deyil. Mən yerli mütəxəssislərin tərəfdarıyam. “Qəbələ”nin avrokuboklara vəsiqə qazanacağına kim inanardı? Çempionatda büdcəsi ən az olan iki komandadan biridir. Amma görürsünüz, necə uğura imza atdılar. Bəzən deyirlər ki, filan klubun büdcəsi aşağıdır, ona görə zəif çıxış edir. Amma elə deyil. Büdcə ünvanına xərclənirsə, komanda nəticə verir.

– Yəni…

– “Qəbələ” layiqli şəkildə avrokuboklara düşdü. Baş məşqçisi kimdir? Yerli məşqçimiz Elmar Baxşıyev. Onun xətrini çox istəyirəm. İnsan kimi də çox yaxşıdır, həm də yaxşı futbolçu olub, sakit adamdır.

“Neftçi”də işləyəndə Samir Abasovu oyunçu kimi transfer etmək istəmişəm. Amma birlikdə çalışmaq qismət olmadı. Bu gün də baş məşqçi kimi onun tərəfini saxlayıram. Təəssüf ki, “Sumqayıt”dakı kollektivi “Neftçi”də yarada bilməyib.

– Bəs, bu, nədən irəli gəlir?

– “Neftçi” ağır komandadır, burada hər adam baş çıxara bilmir. Kənardan diqqət çox olanda insan özünü itirir. Hər birinə uğurlar arzulayıram, amma Abasovun göndərilməsi düzgün olmaz. Vaxt vermək lazımdır. Necə ki, “Qarabağ” vaxtilə Qurban Qurbanova şərait yaratmaqla bunu etdi. İnandılar, arxasında dayandılar və nəticəsini gördülər. Tez-tez baş məşqçini dəyişmək düzgün deyil.

“Amin Seydiyevə qırmızı vərəqə verilməli deyildi”

– Bu mövsüm avrokuboklara vəsiqə uğrunda xüsusilə “Qəbələ” və “Sabah” arasında gərgin mübarizə getdi. Sona 1 tur qalmış paytaxt klubu “Sumqayıt”la ev oyununda büdrədi və şansını əldən verdi. Sizə görə, hansı komanda avrokuboklara getməyə daha layiq idi?

– Mən bütün komandalarımızı avrokuboklara layiq görürəm. Amma sonda 4 komanda gedir. Çempionatın əvvəlindən götürsək, “Qəbələ”nin daha çox əziyyət çəkdiyini gördük. Sonradan “Sabah” toparlandı və gözəl oyun nümayiş etdirdi. Bu günlə heç nə bitmir. Bayaq növbəti mövsümdə çempionluğa daha çox komandanın mübarizə aparacağını deyəndə, birinci, “Sabah”ı nəzərdə tuturdum. İnanıram ki, qızıl medallar uğrunda oynayacaqlar və buna qadir olan heyətləri və rəhbərliyi var. Rəhbər deyərkən sırf sponsorları deyil, klubda çalışan insanları nəzərdə tuturam. Onlarla sıx təmasdayıq, birlikdə işləyirik. Klub prezidenti Maqsud Adıgözəlovun, digər rəsmi şəxslərin, eləcə də məşqçilər heyətinin necə ürəklə çalışdıqlarını görürük. Baş məşqçi Murad Musayev mənim əmim oğludur (gülür). Uğurlar arzulayıram. Düşünürəm ki, “Sabah” gələn mövsüm öz sözünü deyəcək.

– Bu mövsüm hakim səhvləri ilə bağlı xeyli narazılıqlar oldu. “Sabah” – “Sumqayıt” oyununda Amin Seydiyevə göstərilən qırmızı vərəqə epizodu birmənalı qarşılanmadı. Bu barədə nə deyə bilərsiniz?

– VAR sistemi tez tətbiq edilsəydi, daha yaxşı olardı. Bu fikri mənim söyləməyim doğru deyil. Amma dediyiniz epizodda Amin Seydiyevə qırmızı vərəqə verilməli deyildi. Baş hakim bir qədər tələsdi.

“Rəşad Sadıqovun ailəsinə ayırmağa vaxtı belə yoxdur”

– Avrokuboklara digər vəsiqəni isə “Zirə” qazandı. “Qartallar” bu hədəfinə Rəşad Sadıqovun baş məşqçi olduğu ikinci mövsümdə çatdı…

– Rəşad Sadıqov futbolçu kimi öz sözünü deyib. Bu işə başlayıbsa, baş məşqçi kimi də eyni uğuru təkrarlamağa borcludur. İnanıram ki, belə də olacaq. Münasibətimiz var. O insanın ailəsinə ayırmağa vaxtı belə yoxdur, yalnız futbolla məşğuldur. İnsanda əqidə olmalıdır. Bu işi öz üzərimə götürmüşəmsə, sona çatdırmalıyam. Bu xarakter Sadıqovda var. Düşünürəm ki, avrokuboklarda da özünü yaxşı tərəfdən göstərəcək.

– Azərbaycan təmsilçilərinin avrokuboklardakı şanslarını necə dəyərləndirirsiniz? Sizcə, hansı komanda qruplara düşə bilər?

– Bunu püşkatamadan sonra deyə bilərəm.

– İlkin təəssürat necədir?

– Nəsə desəm, yalan olar. “Qarabağ”ın qarşısına elə rəqib çıxa bilər ki, təmsilçimizi I mərhələdəcə nokdauna salar. Hər şey mümkündür. Püşkatmadan çox şey asılıdır. Ötən mövsümdəki kimi bəxtimiz gətirsə, hər şey daha yaxşı olacaq.

“Bu mövsüm sıradan final oyunu keçirəcəyik”

– Azərbaycan Kubokunun finalında “Zirə” və “Qarabağ” üz-üzə gələcək. Hansı komandanı daha şanslı sayırsınız?

– Əslində bunu deməyə ixtiyarım yoxdur. Amma istərdim ki, kuboku “Zirə” qazansın. Çünki “Qarabağ” bütün titulları alıb. Sözsüz ki, kubokda qələbə Ağdam klubunun da haqqıdır. Amma “Zirə” gənc komandadır və bu, uğur onlar üçün yaxşı stimul ola bilər. Bu klubun rəhbərliyi də gənc və həvəslidir. Onsuz da avrokuboklara vəsiqə ölkə kubokunu qazanmağa bərabərdir. Sadəcə, stimul kimi deyirəm ki, kaş kuboka “Zirə” sahib çıxsın. Amma futbolda nəticəni mənim ya sizin istəyiniz müəyyənləşdirmir. Kim güclüdürsə, o da qalib gəlir. Futbolda bəxt amili də rol oynayır.

– Qəbələdəki final matçında hər hansı sürpriz gözlənilirmi?

– Fikrimiz var idi, amma maddi durumumuz imkan vermir. Bu mövsüm sıradan final oyunu keçirəcəyik.

– Yeni mövsümdən Türkiyənin “Misli” şirkətinin Premyer Liqaya sponsor olacağı ilə bağlı xəbərlər yayılıb. Bunlar nə dərəcədə həqiqətə uyğundur?

– Açığı, 6 aydır bu söhbəti eşidirəm. Böyük məmnuniyyətlə gözləyirik. Amma hələ gəlib çıxmayıblar (gülür). Yəqin, gələrlər. Başqa şirkətlərdən də təklif var. Amma deyirlər ki, “Misli”ni gözləyin, onların qəti qərarını bilək, ondan sonra nə isə fikirləşərik.

– “Xan Lənkəran”ın I Diviziona buraxılmamasını necə qarşıladınız?

– Bilirsiniz, insanlar elə bilir ki, hər şey Peşəkar Futbol Liqasından asılıdır. Amma həmin komandanın I Diviziona buraxılmaması bizdən asılı deyil. Buna AFFA İcraiyyə Komitəsi qərar verir. Vaxtilə bəzi klublar çempionatı yarımçıq tərk etdikləri üçün məcburiyyətdən belə qayda qoydular ki, komanda ən azı 3 il həvəskarlar liqasında çıxış etməlidir. Yalnız bundan sonra I Diviziona vəsiqə qazanmaq olar. Bu yaxınlarda “Xan Lənkəran” klubunun prezidenti Pərviz Hüseynovla görüşmüşəm. Xoşuma gəlir, cavan oğlandır, futbola vəsait ayırmaq fikri var, yaxşı ideyalara sahibdir. Amma qanun hamı üçün eynidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43