Ölkə futbolu

Rekord, antirekord və ilk

Azərbaycan Premyer Liqasının IV turunun “Neftçi” – “Qəbələ” oyunu statistik məqamlarla zəngin olub.

İdmanxeber.com PFL-n rəsmi saytına istinadən xəbər verir ki, mövsümün ilk het-trikinin qeydə alındığı görüşdə hər iki komanda tarixi nəticəylə yadda qalıb.

Onlardan biri rekord, digəri antirekord kimi tarixə düşüb. 0:8 hesabı ilə uduzan “Neftçi” Azərbaycan çempionatlarında ən böyükhesablı məğlubiyyətini alıb. Bunadək bakılılar ən pis halda – iki dəfə 4 top fərqilə uduzmuşdu. “Ağ-qaralar” həm də müstəqillik dönəminin bütün yarışlarındakı ən ağır məğlubiyyətini təkrarlayıb. Paytaxt klubu 19 il əvvəl UEFA Çempionlar Liqasında Polşa “Vidzev”inə də eyni hesabla uduzmuşdu.

“Qəbələ” Azərbaycan çempionatlarında ən böyükhesablı qələbəsini qazanıb. Bunadək əyalət klubu 6 top fərqilə qalib gəlmişdi. “Qırmızı-qaralar” tarixinin rekordunu da təkrarlayıb. Qəbələnin eyniadlı komandası 11 il əvvəl I divizionda oynadığı vaxt 8:0-a şahid olmuşdu. Klub tarixinin ilk matçında komanda “Şərur” üzərində ev qələbəsi qazanmışdı.

Komandasının qollarından üçünə imza atan Baqali Dabo isə mövsümün ilk het-trikinin müəllifi kimi tarixə düşüb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43