Ölkə futbolu

“Səbail”in Premyer Liqadan getməsi marağı azalda bilər” – Emil Balayev

“Səbail”in qapıçısı Emil Balayevin idmanxeber.az saytına müsahibəsi

-“Turan Tovuz”la oyun barədə fikirlərini bildirərdin..

Özünüz gördünüz ki, komanda sona qədər mübarizə apardı. Bu artıq neçə dəfədir ki, hesabda geriyə düşsək də, geridönüş edə bilirik. Futboçular sağ olsunlar ki, sona qədər oyundan qopmadılar. Ən azından 1 xalla Bakıya qayıtdıq.

-Ümumiyyətlə, komanda niyə stabil çıxış edə bilmir?

Açığı, bunu edə biləcək gücümüz var. Heyət səviyyəsi də çox yaxşıdır. Hətta elə oyunlar olur ki, baş məşqçimiz heyəti qurmaq üçün çox çətinlik çəkir. Bunu özü də qeyd edib. Komadada eyni səviyyəli oyunçular çoxdur. İstər xarici olsun, istərsə də yerli. Heyət baxmından heç bir problemimiz yoxdur. Sadəcə, bəzən elə olur ki, oyunlara yaxşı başlamırıq, sonra özümüzü toparlamağa çalışırıq. Ona görə də çətinlik çəkirik. Bu özü də böyük bir amildir. Hesabda geriyə düşsək də, çalışırıq maksimum nəticə qazanaq. Dünən 3 xal ala bilməsək də, ən azından məğlub olmadıq.

-“Şamaxı”ya qarşı oyunu final adlandırmaq olar?

Açığı, final kimi baxmıram. Bizim üçün növbəti turun adi bir oyunudur. Digər matçlara necə hazırlaşırıqsa, buna da o cür yanaşacağıq. Onsuzda bütün oyunlara qələbə üçün çıxırıq. Əsas odur ki, görüşə maksimum köklənə bilək.

-Sonuncu yeri tutanın Premyer Liqanı tərk etməsi gözlənilir. Ancaq buna qarşı çıxanlar da var. Səncə, sonuncu yer çempionatdan getməlidir?

Hansı komandanın tərk edib-etməməsi barədə mənim nəsə deməyim düzgün olmaz. Özünüz də görürsünüz ki, son sıralarda “Şamaxı” ilə bərabər biz gedirik. “Səbail” Premyer Liqada yuxarı sıradakı klublara qarşı çox yaxşı mübarizə aparıb. Hətta “Sabah”a qalib gəlmişik. “Şamaxı” da həmçinin. Bizim kimi komandalar çempionata rəng qatırlar. Onu deyim ki, adıçəkilən klubların Premyer Liqadan getməsi marağı azalda bilər. Yaxşı olar ki, çempionatda komanda sayı artırılsın”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43