Kateqoriyasız

Saşa Stamenkoviç: “Yediyin qaba tüpürmək olmaz”

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç klubdan ayrılması ilə bağlı mediaya vida müraciəti göndərib.

Müraciətdə serbiyalı qolkiper 4 il şərəfini qoruduğu “Neftçi”dən ayrılmağın onun üçün çətin olduğunu bildirib.

Stamenkoviçin vida müraciətini olduğu kimi təqdim edirik:

“Uzun və ağır mövsümdən sonra danışmağa söz tapmaq çətindir. “Neftçi”yə gəldiyimdə bir gün gedəcəyimi bilirdim. Ancaq bu barədə düşünməməyə çalışırdım. Danışmağa sözüm çoxdur, amma yalnız xoş sözlər deyəcəm. “Neftçi” mənə və ailəmə çörək verdi. Yediyin qaba tüpürmək olmaz. “Neftçi”də həyatımın xoş anlarını keçirdim. Buna görə də getmək o qədər də asan deyil. “Neftçi”dən ayrılacağım üçün çox məyusam. Halbuki bu komandada daha yaxşısını edə bilərdim, ancaq həyat davam edir. “Neftçi” oynamaq şansım yarandı və bunu dəyərləndirdim. Komandada keçirdiyim 4 ildə 4 kubok qazandım, hansı ki, onların klubun muzeyində əbədi olaraq qalacaq. Bununla fəxr edirəm. Həmçinin Avropa Liqasında tarixi qələbəmizlə də qürur duyuram. Kiprdə APOEL üzərindəki qələbədən sonra Bakıya qayıtdıqda hava limanında minlərlə insanın bizi qarşılamasını heç vaxt unutmayacam.

9 illik fasilədən sonra kuboku qazanmağımızla da öyünə bilərəm. Hər zaman özümüzü ailənin bir hissəsi saymışıq. Sadıq Sadıqov bizə “divardan keç” desəydi, bunu da edərdik. Təəssüf ki, Avropa Liqasının qrup mərhələsində ikinci dəfə oynaya bilmədik. Lakin əminəm ki, hazırkı nəsil bunu bacaracaq. Bəlkə də mən “Neftçi”də tarixinin ən yaxşı dövründə oynadım və bununla qürur duyuram. Bir neçə dəfə zədəli halda meydana çıxdım, bədənimi komandaya qurban verdim, amma bunun kubok üçün olduğunu bilirdim. Bu hərəkətimlə gənc futbolçulara yaxşı örnək olduğumu düşünürəm. “Neftçi”də keçirdiyim 4 ildə yalnız xoş anları xatırlamaq istəyirəm. Pis günlərim haqda düşünmək istəmirəm. Onlar məni daha da möhkəmləndirib.

Həyat tək futboldan ibarət deyil. Burada bir sıra dostlar qazandım. Onlarla münasibətlərimizi davam etdirəcəyəm. “Neftçi”də zaman-zaman komanda yoldaşlarım dəyişdi. Mənə pis və yaxşı günlərimdə dəstək olan hər kəsə təşəkkür edirəm. Sizlər mənim ən yaxşı yoldaşlarım oldunuz. Hər birinizə uğurlar arzulayıram. Klubda çalışan insanlardan çox şey öyrəndim, hər kəsə təşəkkürümü bildirirəm.

Normal əməkdaşlıq və dil bilmədiyim üçün mənə göstərdikləri anlayışa görə bütün jurnalistlərə minnətdaram. Klubun “facebook” səhifəsində görüntülənən şəkillərim üçün də təşəkkür edirəm. Azərbaycanda, Bakıda ilk gündən yaxın qohum kimi qəbul edildiyim üçün çox məmnunam. Mən özümü burada heç vaxt əcnəbi kimi hiss etməmişəm. Sanki öz evimdə idim. Valideynlərim də buna görə hamınıza təşəkkür edir. Bundan sonra hansı klubda oynayacağımı bilmirəm. Amma heç vaxt oynamayacağım komandaların adlarını bilirəm.

Əlbəttə ki, azarkeşləri unutmamışam. Ən yaxşını sona saxlamışam. Gedəcəyim məlum olanda sizlər məni müsbət mənada təəccübləndirdiniz. Onların mənə göndərdiyi ismarışlar və xoş arzular göstərir ki, mən komanda üçün nəsə etmişəm. İlk növbədə davranışım və klubun formasına münasibətimlə. Mənim üçün böyük əhəmiyyət kəsb edən dəstək üçün təşəkkür edirəm. Məhz bu dəstək sayəsində ağrı və yorğunluq hiss etməmişəm. Bunu hər futbolçu arzulayar. Çünki bu emosiyaları pulla almaq olmaz.

Getməyimə üzülməyin, özünüzə yeni “sevimli futbolçu” tapın, komandanızı yaxşı və pis gündə dəstəkləməkdə davam edin. Oyunçular, məşqçilər, rəhbərlik dəyişir, amma siz azarkeşlər həmişə qalacaqsınız. Nahaq yerə demirlər ki, azarkeşlər komandanın aynasıdır. Mən sizin klub üçün mübarizə aparmışam və sizlərdən biri olaraq qalacam. Mənə ilk növbədə insan, sonra qapıçı kimi hörmət etdiyiniz üçün bir daha təşəkkür edirəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43