Ölkə futbolu

Türkiyənin ən çılğın baş məşqçisi: “Xəzər Lənkəran”dan bu dəfə dəvət alsaydım, qəbul edərdim”

Sentyabrın 22-də Azərbaycana gələn Yılmaz Vural səfərindən öncəki gün artıq buraları qarışdırmışdı.
Türkiyəli çalışdırıcı ölkəsinin mətbuatına ya "Neftçi"ni, ya da millimizi çalışdaracağını deməklə, bütün diqqətləri üzərinə çəkmişdi.
Zira, Bosfor boğazının sahillərində və Anadoluda bu tip xəbərlər sensasiya doğurmur. 23 klub dəyişmiş məşqçinin qeyri-adi hərəkət və jestlərinə, eləcə də qarmaşıq iddialarına çoxdan öyrəşiblər, bizlər isə təzə-təzə. Vural Bakıya bir vuyhavuyla gəldi ki, gəl görəsən! Gəlmişdi ki, görməli insanlarla görüşsün və məsələlərdən birini həll eləsin. Rövnəq Abdullayevin qəbulunda olmaq kimi. AFFA prezidentinin üzünü heç uzaqdan-uzağa da görmədi. Peşəkar kikboksçular arasında döyüşləri izlədi, Azərbaycan-Türk Futbol Məktəbinin açılışında iştirak etdi və ya Allah! Küylü gəlib, küysüz getdi. Abdullayevlə tanışlıq arzusu ona görə gerçəkləşmədi ki, tərslikdən səfəri UEFA prezidenti Mişel Platinin ölkəmizə gəlişi ilə üst-üstə düşdü. Türkiyənin özündə hesab edirlər ki, Vuralın Bakıya uçmasında məqsəd Superliqa klublarının onunla yenidən maraqlanmasına nail olmaqdı.
"İstəmədik ki, kimsə bunu bilsin"
Vətənə dönüşdə yalnız "Şanlıurfaspor"dan dəvət alan, qeyri-müəyyən səbəblərdən PTT I Liqa təmsilçisi ilə alış-verişi yarımçıq dayandıran mütəxəssisin fəaliyyətini İngiltərədə davam etdirmək perspektivi barədə isə ünlü “Daily Mail” qəzeti məlumat yayıb. Nəşrin xəbərinə görə, o, “Arsenal” – “Soutqempton” matçını canlı izləyib. 60 yaşlı çalışdırıcı yayılan informasiyaları doğrulayıb. Premyer Liqa təmsilçisindən təklif aldığını deyən Vural hazırda həmin komandanın baş məşqçi postunda başqa birinin işlədiyini və bu səbəbdən də adını çəkmək istəmədiyini bildirib. Azərbaycanla bağlı planlarının qüvvədən düşmədiyini, burdan alacağı cavabdan sonra fikrini qətiləşdirəcəyini söylədi: "Düşünməyin ki, mən Bakıya turist səfəri etmişdim. Dostum Adil Əliyev İstanbuldakı görüşümüzdə demişdi ki, Berti Foqtsun müqaviləsi başa çaiır və yenisi imzalamayacaq. Federasiya başqanıyla dost olduğunu və görüşümüzü təşkil edəcəyini söylədi sonda. "Mən də niyə olmasın" cavabı verib, gəldim. Bakıda bir sıra önəmli şəxslərlə görüşlər keçirdim, vəziyyəti öz gözlərimlə gördüm. O görüşlərdən bəzisi mətbuata sızmadı. Özümüz istəmədik ki, kimsə bunu bilsin. Üzr istəyirəm, bu gün də bilgi verməyim düz çızmaz. Nəticəsini gözləyirəm. Mənə söyləməlidilər ki, hoca, buyur, gəl. Axı aramızda… İnanmıram başqa söhbət olsun. Bakıdan gələcək xəbərə hələ də ümidliyəm. Ölkənizdə çalışmaq üçün uyğun şərait var. Son gəlişimdə bütün bunları gördüm. Görüşdüyüm kişilər mənə müəyyən təkliflər edib. Razılığımı vermişəm, indi qalıb "gəl, müqaviləyə qol çək" demələri. Harda işləyəcəm, klub olacaq, ya milli, bunu mənim deməyim yerinə düşməz. Qərarı özləri verəcək".
"Məni təqib edirlər"
O, ali təhsil alan oğlanlarına baş səkmək üçün İngiltərəyə yollanıb. Səfər yerli klublarla danışıqlar aparmaq məqsədi daşımayıb: "Kiçik oğlum iqtisadiyyat üzrə oxuyur, mən də diplom işinin müdafiəsində iştirak etdim. Universitetdə xeyli qonaqlar vardı. Tanınmış siyasilər, mədəniyyət, idman adamları. Menecerlərdən 4-5-i ilə qarşılaşdım. Londonda böyük biznesi olan türk iş adamlarından biri onları mənlə tanış elədi. Dedilər ki, İngiltərənin klub prezidentlərindən biri neçə vaxtdı sizlə görüşmək istəyir və indi bunun üçün əsl məqamdı. Getdim, görüşdüm və bu barədə danışdıq. O, hazırkı baş məşqçiləri ilə vidalaşmaq üzrə olduqlarını dedi. Başa saldım ki, mən canlı yerə getmirəm, onunla məsələnizi çözün, danışıqlarımız ciddiləşsin. Hocadan xeyli narazılıq elədi, dedi, müqaviləni ikitərəfli pozmaları üçün onu gözləyirlər. Görüşdüyüm klub Premyerliqada oynayır. "Kardif Siti"? Mənə 1 həftə vaxt verin. Menecerlər Çempionşipdən də iki komandanı çalışdıra biləcəyimi söyləyib. Onlar da yuxarıya çıxmağa iddia edənlərdi. Heç birinin adını açıqlamaram. Çünki Türkiyədən zəng vurub, “bu adam sizə lazım deyil” deyənlər olacaq. Azərbaycan mediasında çıxan xəbərlərimi Türkiyədə yaxından təqib edirlər. Görmədiz, keçən səfər gəldim, bəzi həmkarlarım özümü reklam etdiyimi deməyə başladı".
"Nəticə verməsəm, özüm gedərəm"
Müsahibimiz Türkiyənin özündə kifayət qədər klub çalışdırıb və bu gün ona xaricdən gələn təkliflər daha cazib görünür: "Təzəlikcə “Kanal Türk”ün qonağı oldum. Ekrandan milyonlara eşitdirdim ki, Türkiyədə 684 matç keçirmiş yeganə baş məşqçi mənəm. Nə Fatih Terim, nə də Mustafa Dənizli mənim qədər oyuna çıxıb. Belə olan vəziyyətdə futbol camiəsinin mənə qarşı mövqeyinə üzülürəm. Sevənlərin dəstəyi mənə bəs edər. Mən bir xalq qəhrəmanıyam. Azərbaycana da türk oğlu türk kimi gəlirəm. Sizin ölkədə saysız-hesabsız əcnəbi hoca çalışıb və bu gün də çalışmaqdadı. Onlardan pis oldum? Azərbaycan inkişafdadı, gördüklərimi hər yerdə danışıram. Federasiya prezidenti milli və klublar üçün çox işlər görür. Gəlim, nəticə verməsəm, özüm gedərəm. Ona-buna illərlə vaxt verirsiz, 1-2 il də mənə vaxt verin. İddialı yerdə işləməkdi fikrim. Yoruldum Türkiyədə aşağıda gedən klublara getməkdən. Heç kim məni sezonun əvvəlində çağırmır. Nə zaman ki, vəziyyətləri ağırlaşır, çempionatın böyük hissəsi arxada qalır, deyirlər, gəl. Məndən təcrübəlisimi var? Hər sezon 1-2 klubda olmaqdan bezdim. Bir yerdə uzun müddət qalmaq istəyirəm".
"Mən də gələrdim"
Vural 2 il öncə bildirmişdi ki, Mübariz Mənsimovla yaxın dostdu. "Xəzər Lənkəran"ın sahibindən həmin vaxt çalışmaq təklifi aldığını, "Kasımpaşa"dan ayrılmağa hazırlaşmamasına görə təyinatının gerçəkləşmədiyini bildirmişdi. Bu günlərdə isə Mənsimov görəvə Mustafa Dənizlini gətirdi. Yılmaz bəy dostunun yeni seçiminə qısqandımı? Dediyinə görə, yox. Sitat: "Mustafa hocayla uzun illərin tanışıyıq, bir-birimizə yaxşı münasibətdəyik. "Xəzər Lənkəran"dan bu dəfə dəvət alsaydım, mən də gələrdim. Onun "Xəzər"ə getməsini Londonda eşitdim. Dəyərli mütəxəssisdi, xeyirli olsun, işi uğurlu olsun. Azərbaycan hətta 5-6 il öncəki Azərbaycan deyil, vəziyyəti yaxşılaşır. Onda çox az hoca Azərbaycana gəlmək istərdi, bu gün isə gələnləri görürsüz. O sırada mən də olmalıyam".
mənbə: "Sport Favorit" qəzeti


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43