Ölkə futbolu

“Yəqin ki, Canni De Byazi məni bəyənməyib” – “Qəbələ”nin futbolçusu

“Şamaxı” ilə oyun çox vacib idi. Yalnız qələbə barədə düşünürdük. Qış fasiləsinin ardından çox xallar itirdik. Bu da bizə təsir edirdi. Ancaq nə yaxşı ki, “Şamaxı” ilə oyunda qələbə qazana bildik. Bu, gələcək matçlar üçün də yaxşı motivasiya oldu”.

Bu sözləri idmanxeber.az saytına “Qəbələ”nin müdafiəçisi Murad Musayev “Şamaxı” qalibiyyəti (2:0) sonrası danışarkən deyib. O, qış fasiləsindən sonra komandanın qeyri-stabil çıxış etməsinə də münasibət bildirib:

“Oyun olaraq bizdə hər şey qaydasındadır. Sadəcə, bəzən bəxtimiz gətirmir, diqqətsizlik olur. Bunlar da gətirib xal itkilərinə çıxarır. Ancaq bütün hallarda daha yaxşı olmalıyıq. Mövsüm sonu yaxşı mövqedə olmaq istəyirik. Ölkə kubokunda da bunu bacara bilərik. Hər iki cəbhədə mübarizə aparacaq gücümüz var. Hazırda kubok oyunu barədə düşünməsək də, orada da qalib olmaq niyyətindəyik.

“Zirə” ilə xal fərqini birə endirməyimiz bizim üçün yaxşı motivasiyadır. Avrokuboklara getmək üçün bütün qələbələr önəmlidir. Bu iddiamız qüvvədədir. Bunu bacaracağıq, istədiyimiz məqsədə çatmalıyıq”. 

28 yaşlı futbolçu cari mövsüm “Qəbələ”nin əleyhinə bir neçə hakim qərarlarının olduğunu da vurğulayıb. O, bu halların komandanın çıxışına təsir etdiyini açıqlayıb:

“Bu barədə çox danışmaq istəmirəm. Amma bəzi epizodlar var ki, gözlədiyimizdən fərqli qərarlar qəbul edilir. Bu da narahatçılıq yaradır. Belə şeylər bizi “sındırır”. Baxırıq ki, eyni epizod digərlərinə başqa, bizə fərqli verilir. Hakimlər də insandır, heç kim səhvlərdən siğortalanmayıb. Amma hər bir halda futbolda belə şeylər olur”. 

Musayev Azərbaycan yığmasının qarşıdakı Avstriya və İsveç oyunları üçün heyətə çağırılmamasına belə münasibət bildirib:

“Milli ilə bağlı deməyə sözüm yoxdur. Kimi bəyənirlərsə, onu da dəvət edirlər. Yəqin ki, Canni De Byazi məni bəyənməyib”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43