01 İyul 2026
Ölkə futbolu

Yevlax şəhər stadionunda təmizlik işləri gedir: “Kəpəz”in “Zirə” ilə oyununa qədər hazır olacaq!

Son olaraq ev oyunlarını Tovuzda keçirəcəyi gözlənilən "Kəpəz"in nəhayət ki, rəqiblərini harada qəbul edəcəyi bəlli olub.

İdmanxeber.com-un xəbərinə görə, bu barədə klubun fanklublarla iş üzrə əlaqələndiricisi Elmar Əliyev öz rəsmi "facebook" səhifəsində məlumat yazıb. Əliyevin "Kəpəz" azarkeşləri hazır olun, oyunlarımız Yevlaxda keçirilə bilər" sözlərini yazmasından sonra, məsələni araşdırdıq. Məlum oldu ki, informasiya doğrudu və artıq Yevlax Şəhər stadionunda əsaslı təmizlik işlərinə başlanıb. Stadion həftə sonu "Zirə" ilə keçiriləcək qarşılaşmaya qədər hazır vəziyyətə gətiriləcək. 

Belə ki, Peşəkar Futbol Liqasının stadionları təftiş qrupu Gəncə, Tovuz və Yevlax stadionlarının Premyer Liqa və birinci diviziona hazırlıq vəziyyətini yoxlayıb. Qurumun mütəxəssisləri Gəncə şəhər stadionunda təmir işləri aparıldığından "Kəpəz"in ev oyunlarını Tovuzda keçirməsinin mümkünlüyünü araşdırıblar. Daha sonra PFL əməkdaşları Yevlax şəhər stadionunun infrastrukurunu yoxlayıblar. Buradakı vəziyyətin Tovuz stadionu ilə müqayisədə daha normal olduğu, müəyyən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra "Kəpəz"in Gəncə şəhər stadionunda təmir işləri yekunlaşana kimi Yevlaxda oynaya biləcəyi vurğulanıb.
Qeyd edək ki, "sarı göylər"in ev oyunlarını Yevlax Şəhər stadionunda keçirməsi ilə bağlı gün ərzində Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43