Bu gün I Divizionun 14-cü turundan təxirə salınmış "Ağsu" – "Bakılı" matçı keçirilib – 7:0.
İdmanxeber.com-un məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında noyabr ayının ən yaxşı qolunun müəllifi Nurlan Məmmədzadə jurnalistlərin suallarını cavablandırıb:
– Hamıya təşəkkür edirəm. Xüsusilə, PFL-in belə layihələr təşkil etməsi daha gözəldir.
– Səncə, sənin qolundan başqa hansı qol daha yaxşı idi?
– Məncə, Ruslan Tağızadənin qolu da yaxşı idi. Amma mənim qolum daha uzaq məsafədən vurulduğu üçün azarkeşlər məni seçdilər.
– Mükafat aldığın oyunda komandan məğlub oldu…
– Komandanın durumunu yəqin ki, bilirsiz. Komandanın durumu nə qədər yaxşı olacaqsa, daha yaxşı nəticələr əldə edəcəyik.
– Futbola başlayanda perspektivli futbolçu idin…
– Mən karyerama başlayanda səhv etdim I Divizona gəlməklə. 16 yaşımdan burada çıxış etdim. Bura bataqlıq kimidi, düşən çıxa bilmir. Mən də səhv edərək gənc yaşlarımdan buraya gəlmişəm.