Ölkə futbolu

AFFA-nın növbəti Konfransı keçirildi

Bu gün AFFA-nın növbəti Konfransı keçirilib.

İdmanxeber.az qurumun saytına istinadən xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfransı açaraq konfrans nümayəndələrini, qonaqları və KİV əməkdaşlarını salamlayıb.

Tədbirdə hesabat dövründə AFFA-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Baş katib Sərxan Hacıyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, AFFA-nın strategiyasına uyğun olaraq cari mövsümdən Premyer Liqada komandalarının sayı 10-a çatıb. Həmçinin, dünya futbolunda baş verən yeniliklərə uyğun olaraq, ölkə çempionatında VAR sistemi uğurla tətbiq edilib. İnfrastrukturun yaxşılaşdırılması istiqamətində atılan addımlar kimi Tovuz şəhər stadionunun, Bayıl Arenanın ot örtüyünün yenilənməsi qeyd olunub.

Baş katibin çıxışından sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat çıxışı edib.

“Futbolun İnkişafı Fondu”nun icraçı direktoru Tural Piriyev ötən il ərzində görülən işlər, həyata keçirilən layihələrdən, klubların dayanıqlı maliyyə yardımı istiqamətində dövlət və özəl qurumlarla əlaqələrdən danışıb. FİF-in əməkdaşlığı sayəsində bölgə kubları ilə müxtəlif görüşlər keçirdiklərini və layihələrin uğurla davam etdirildiyi bildirib.

Konfransda qonaq qismində iştirak edən FIFA rəsmisi Heide Behan və UEFA nümayəndəsi Cozef Kliment çıxış edərək AFFA-ya və Azərbaycan futbol ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonra Gənclər və İdman naziri Fərid Qayıbov çıxış edərək Konfransın uğurla təşkil olunduğunu qeyd edib, AFFA-ya ölkə futbolunun inkişafı naminə görülən işlərdə uğurlar arzulayıb.

Çıxışlar başa çatdıqdan martın 6-da 75 illik yubileyini qeyd edən ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimova yubiley münasibətilə təbrik ünvanlanıb, AFFA-nın prezidenti Rövnəq Abdullayev və Gənclər və İdman naziri Fərid Qayıbov yubilyara xatirə hədiyyəsi təqdim edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43