İdman

“Finalda NTD ilə oynamaq istəyərdik” – “Sabah”ın oyunçusu

“Çox həyəcanlı matç keçdi. Geridən gəlib qələbə qazanmaq elə də asan deyil. “AAAF Xırdalan” güclü komandadır, bizə qarşı da həmişə yaxşı oynayıblar. Səhv etmirəmsə, 10-12 xal geridə idik. Legionerlərimiz yaxşı oynadı, qələbə də əsas pay sahibi oldular. Baş məşqçimiz Elşən Yusubov, köməkçi məşqçimiz Əli İbrahimli də oyunboyu yaxşı qərarlar verdilər. Vaxtında müdaxilələr etdilər”.

Bu sözləri idmanxeber.az saytına basketbol üzrə Azərbaycan çempionatında finala yüksələn “Sabah” komandasının oyunçusu Rüstəm Əliyev “AAAF Xırdalan”a qarşı qələbə barədə danışarkən deyib.

O, final görüşünün daha çətin keçəcəyini açıqlayıb:

“Məncə, həlledici matçda “Gəncə” ilə oynayacağıq. Amma NTD ilə görüşmək istəyərdik. Çünki onlarla oynamaq daha asan olar. Əgər NTD ilə qarşılaşsaq, üç görüş də Bakıda keçiriləcək.

Ancaq “Gəncə” başqadır. Səfərdə çıxış etməyin öz çətinlikləri var. Orada atmosfer başqa olur, azarkeş amili də ev sahibi komandaya əlavə güc verir”.

Qeyd edək ki, yarımfinal seriyasının digər matçında “Gəncə” NTD ilə mübarizə aparır. İki komanda arasındakı ilk matç gəncəlilərin 101:73 hesablı qələbəsi ilə yekunlaşıb.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43