İdman

“Kəpəz”dən bərbad stadionla bağlı açıqlama

Qış hazırlıqlarını Bakıda davam etdirən Gəncənin “Kəpəz” klubunun “Sabah”la yoxlama oyununun ləğv olunması barədə xəbər vermişdik.

 İdmanxeber.com-un məlumatına görə, əyalət təmsilçisi buna səbəb kimi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunun ot örtüyünün futbol oynamaq üçün əlverişli olmamasını göstərib. Bununla belə, Gəncə təmsilçisi dünən adıçəkilən stadionda əvəzedici heyəti ilə qarşılaşıb və ümumilikdə məşqlərini bu bazada keçir. Məsələyə aydınlıq gətirməsi üçün klubun mıtbuat xidmətinin rəhbəri Azad Rəfi ilə əlaqə saxladıq: “Əvvəla onu bildirim ki, “Sabah”la qarşılaşmanı başqa stadionda oynamaq fikrimiz var idi. Baş məşqçimiz Yunis Hüseynov menecerlərdən bu barədə xahişi etmişdi ki, normal ot örtüyü olan stadion təşkil etsinlər. Ancaq tapılmadığına görə, oyun ləğv olundu. Süni örtükdə də oynamaq olardı. Amma normal beləsini də tapmaq mümkün olmadı. İnanın ki, yoxlama oyununun keçirilməsini çox istəyirdik. Çünki məşq planı buna əsasən qurulmuşdu. İndi keçək sizin sualınıza (gülür) Bəli, “Kəpəz” yanvarın 14-ü Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda əvəzedici heyəti ilə qarşılaşdı. Ancaq oyun zamanı komandamızın iki əsas heyət üzvü ot örtüyünün bərbad vəziyyətdə olması səbəbindən zədələndi. Belə bir halın yenidən baş verəcəyi istisna olunmurdu. Belə demək olarsa, baş məşqçimiz bu vəziyyəti gördü və bu stadionda oyun keçirməyin düzgün olmadığına əmin oldu”.

Əməkdaşımızın “məşq zamanı necə, futbolçuların zədə alma riski yoxdurmu?” sualına isə “Kəpəz” rəsmisi belə cavab verdi: “Komandamız bu stadionda fiziki məşqlərə üstünlük verir. Yəni topla çalışmalar indiki hazırlıq dövründə ikinci dərəcəli olur. Fiziki məşq zamanı isə futbolçuların zədə alma ehtimalı olduqca aşağıdı. Meydanda topsuz yox, topla hərəkət çətindir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43