Premyer Liqa

Mustafa Dənizli: “Qələbə qazanmasaydıq komandaya qış tətili verilməyəcəkdi”

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli Premyer Liqanın 18-ci turunda "Sumqayıt"ı məğlub etdikləri (4:3) oyun haqda fikirlərini bildirib:

“İlk dövrənin son oyunu idi, bizim üçün çox vacib oyun idi. Həm kubokda, həm də liqada son 4 oyunda uğurlu çıxış etdik. Qarşıdakı 40 günü yaxşı dəyərləndirməliyik. Liderlər qrupu ilə olan xal fərqini azaltmaq lazımdır. Digər rəqiblərin nəticələrindən məlumatım yoxdur. Oyunun sonlarına yaxın komanda rahatladı, hesab 4-1 olduqdan sonra uşaq səhvlərindən qollar buraxdıq. Bu cür səhvlər buraxan futbolçular bir daha öz oyunlarını nəzərdən keçirməlidirlər. Qol vurmağa çətinlik çəkmirik. Buna qədərki oyunlarda qapımızdan qol buraxmadıq, indi isə rəqib komanda 3 qol vurdu. Oyunda xətalar ola bilər, amma bu cür bəsit olmalı deyil. Qış fasiləsində bunun üzərində çalışacağıq. Qarşıda 18 tur var, azarkeşlərimizi sevindirməyə çalışacağıq. “Xəzər Lənkəran” olaraq öz sözümüzü deməliyik. Heç nəyə baxmayaraq futbolçularımı təbrik edirəm. Qələbə qazanmasaydıq komandaya qış tətili verilməyəcəkdi”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43