Ölkə futbolu

“Qarabağ” “Lans” və “Feyenoord”la başa-baş oynaya bilər”

“Qarabağ”ın Avropa Liqasında pley-off mərhələsinə yüksəlməsi futbol tariximizdə yeni bir səhifə açdı. Növbəti mərhələdəki potensial rəqiblərin çempionatları, büdcələri, heyətlərindəki futbolçuların ustalığı aşkar şəkildə “Qarabağ”dan üstündür”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin sabiq baş məşqçisi Zaur Həşimov “Qarabağ”ın Avropa Liqasında qarşılaşacağı potensial rəqiblər barədə danışarkən deyib. O, Ağdam təmsilçisi üçün uyğun rəqibin adını da bildirib:

Siyahıda olan komandalardan Portuqaliya klublarının gəlməsini istəmirəm. Çünki onlar həddindən artıq sürətli oyun göstərir. Üstəlik bu komandaların heyətlərində Avropanın aparıcı klublarında namizəd usta futbolçular var. Bu səbəbdən də onlar avrokubok oyunlarında xüsusi əzmkarlıq göstərirlər. Digər komandalardan “Lans” və “Feyenoord”un eyni gücdə olduğunu düşünürəm. Onlarla başa-baş mübarizə aparmaq mümkündür. Bunların içində “Yanq Boys”u fərqləndirərdim. Onların bir neçə oyununu izləmişəm. Müdafiədə etibarlı oynayıb və əks hücuma çox sürətli çıxırlar. 

Potensial rəqiblər arasında Ukraynanın “Şaxtyor” klubu da var. Məncə, bizə uyğun rəqibdir. Ancaq şəxsi istəyimi desəm, “Milan”ı Bakıda görmək istəyərəm. Vaxtı ilə bu komandanın azarkeşi olmuşam. Üstəlik belə nəhəng klubun ölkəmizə gəlməsi futbolumuz adına daha bir uğur olar. Qardaş ölkə təmsilçisi “Qalatasaray”ın isə “Qarabağ”a rəqib olmasını istəmirəm. Çünki onların uğuruna da öz uğurumuz kimi sevinirik. Buna görə də “Qarabağ”ın “Qalatasaray”la növbəti mərhələlərdə qarşılaşmasını istərdim”.

Həşimov qış transfer pencərəsində “Köhlən atlar”ın yeni futbolçularla güclənməli olduğunu da sözlərinə əlavə edib:

Əlbəttə, “Qarabağ”ın transferlərə ehtiyacı var. Juninyo gəlməzdən öncə komandaya hücumçu lazım olduğu aşkar görünürdü. Lunyovun gəlişi isə qapıçı problemini həll etdi. İndi isə müdafiə xəttinə yeni futbolçu lazımdır. Çünki Kevin Medina uzun müddət forma geyinə bilməyəcək. Onu əvəzləyəcək səviyyəli bir legionerə ehtiyac var. Yəqin ki, qışda yeni transferlər olacaq. Hazırkı heyətlə pley-offda nələr edə biləcəyimiz qarşılaşacağımız rəqibdən asılıdır”.

Həsən Quluzadə

 

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43