İdman

“Qarabağ” və “Qəbələ” azarkeşlərinə bəd xəbər: “Bu, mümkün deyil”

Son günlər həm "Qəbələ", həm də "Qarabağ" klubunun azarkeşləri may ayının 5-də baş tutacaq ölkə kubokunun final matçının Naxçıvan MR-də keçirilməsinə etiraz edərək, bəyanatlar yayıblar.

İdmanxeber.com-un məlumatına görə, hər iki klub azarkeşləri yolun uzaq, yol xərclərinin isə çox olduğunu əsas tutaraq, sözügedən matçın Lənkəran şəhər stadionunda, Sumqayıtda və ya Bakıda – "Bakcell Arena"da keçirilməsini Peşəkar Futbol Liqasından (PFL) xahiş edir . Bu da anlaşılandır ki, azarkeşlərin Naxçıvana getməsi üçün maddi imkanları azdır.

Məsələ ilə bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyevlə əlaqə saxlayaraq, final matçının yerinin dəyişdirilmə ehtimalının olub-olmadığını öyrənməyə çalışdıq. Aslan bəy bunun artıq mümkün olmadığını bildirdi:

"Bildiyiniz kimi, Bakıda IV İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyinə görə, biz final matçını paytaxtda deyil, rayonlarda etməliydik. Sumqayıt şəhər stadionunun tutumu çox azdır. Bu səbəbdən oyunun orada keçirilməsi məqsədəuyğun deyil. Buna görə də final matçını Naxçıvanda keçirməyə qərar verdik. Hər halda, ostadionda təcrübəmiz var, 2013-cü ildə "Neftçi" və "Xəzər Lənkəran" klubları arasında baş tutan Superkubok matçını Naxçıvanda keçirmişik. Artıq final matçının yerini dəyişmək mümkün deyil".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43