Ölkə futbolu

“Şamaxı” diviziona düşsə, burada qalmayacam”

“Bu günə qədər çempionatda sonuncu olan elə komandalar olub ki, heyətlərində 7-8 legioner çıxış edib. Bizim axırıncı yeri tutmağımızı sırf yerli futbolçulara bağlamaq lazım deyil. “Şamaxı”nın sonuncu olmasında səbəblər var. Məsələn, komanda gec yığıldı, əsas yerli oyunçular artıq digər klublarla müqavilə bağlamışdı. Təcrübəli 1-2 yerli oyunçu qalmışdı, heyətə də onlar cəlb edildi. Başqaları da gəlmək istəmədi”.

Bu sözləri idmanxeber.az saytına mövsümü “Şamaxı”da keçirən Amil Yunanov komandanın Premyer Liqada sonuncu yer tutmasını dəyərləndirərkən deyib. 30 yaşlı futbolçu daha sonra belə davam edib:

“Daha çox az təcrübəsi olan, divizionda çıxış edən oyunçular heyətə cəlb edildi. Komandada 3-4 Premyer Liqa təcrübəsi olan futbolçu var idi. Əgər daha 7-8 yüksək səviyyəli yerli oyunçu alına bilsəydi, bu nəticə olmayacaqdı. Yenə də son turlara qədər 8-9-cu pillədə gedirdik. Sadəcə, qoruya bilmədik. Yerli futbolçularla alınmadığı fikirləri ilə razı deyiləm. Uşaqların haqlarına girmək olmaz. Elə oyunlar var ki, bir fərqlə məğlub olmuşuq. Hamısında sona qədər mübarizə aparılıb. Təcrübəsizlikdən sonlarda o qədər qollar buraxmışıq. İndi baxanda görürük ki, bir xalın belə necə önəmi var imiş. Demirəm azərbaycanlı oyunçularla çempionluğa oynamaq olar. Amma bir az təcrübəli isimlərə ehtiyacımız var idi”.

“Şamaxı” ilə müqaviləsi bitən Yunanov komanda I Diviziona yuvarlansa, orada qalmayacağını bildirdi. O, artıq bir neçə klubdan yeni təkliflərinin olduğunu da sözlərinə əlavə edib:

“Açığı, komanda elitanı tərk edəcəyi təqdirdə, hansı oyunçuların qalıb-qalmayacağı barədə dəqiq nəsə deyə bilmərəm. Bəlkə də bir çox futbolçu getməyəcək. Ancaq öz adımdan deyim ki, mən qalmayacam. Divizionda oynamaq fikrim yoxdur. Hazırda 2-3 yerli klubdan təklif var. Ancaq hələ “Şamaxı”nın taleyi də bəlli deyil. İndi gözləmə mövqeyindəyəm”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43