Müsahibə

“Xəzər Lənkəran”da kimin nə danışdığına fikir vermirik” – MÜSAHİBƏ

"Neftçi"nin müdafiəçisi Elvin Yunuszadənin idmanxeber.com saytına müsahibəsi.

– Cəzalı duruma düşdüyün üçün "Simurq"la oyunu tribunadan izləməli oldun. Kənardan komandanın oyunu səndə hansı təəssüratları oyatdı?

Qırağdan həmişə asan görsənir. Ancaq bilirəm ki, əldə etdiyimiz qələbə heç də asan olmadı. Bütün məşqçi heyətini, komanda yoldaşlarımı və azarkeşləri fasilədən sonrakı ilk qələbə münasibəti ilə təbrik edirəm.

– "Qarabağ" uduzdu və sizin üçün əla fürsət idi "Simurq"u yenmək, elə də oldu. "Xəzər Lənkəran"la derbi öncəsi bu motivasiya baxımından da komandaya yaraya bilər.

Bəli, ancaq biz hələ öz mövqeyimizdə qərarlaşmamışıq. İnanıram ki, "Neftçi" gələn tur öz layiq olduğu mövqeyində qərarlaşacaq. 

– AZAL-la oyunda qırmızı vərəqə aldın. Fasiləyə kimi isə sən hakimlərin tez-tez qəzəbinə tuş gəlirsən. Fikirləmirsən ki, komandanı belə pis vəziyyətdə qoymağın məşqçilər heyətinin sənə olan inamını azaldar?

Elə olsa, gərək heç kim qırmızı almasın. Mən orda oyun epizodunda qırmızı aldım.

– Heç kim deyəndə ki, sən daha çox qayda pozursan…

Komandam üçün lazım olsa yenə alaram. Bilsəm ki, bu qırmızının komandaya xeyri dəyəcək, düşünmədən yenə alaram.

– Bəlkə əsas heyətdə möhkəmlənə bilməməyinin başlıca səbəblərindən biri budu?

Yox, belə baxanda "Neftçi"də olduğum müddətdə 90% oyunlarda oynamışam. Həm də "Neftçi"də rəqabət böyükdür. İnanıram ki, hər şey daha yaxşı olacaq.

– Bu tur "Böyük oyun"da "Xəzər Lənkəran"la qarılaşacaqsınız. Uzun müddətdir ki, "Xəzər Lənkəran"ı Lənkəranda yenə bilmirsiz. Bu dəfə tilsimi qıra biləcəksizmi?

Biz bu oyunu digər matçlardan fərqləndirmirik. Digərlərinə necə hazırlaşırıqsa, buna da elə. Bizə harda və necə qalib gəlmək önəmli deyil. Əsas olan çempionluqdu. Üç ildir ki, ard-arda çempion oluruq. İnşallah bu il də eyni uğuru təkrarlamaq niyyətindəyik. Onların nə danışdığına fikir vermirik.

– Bu dəfə daha çətin olacaq…

Heç o 3 çempionluğumuz da asan olmayıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43