22 İyun 2026
Ölkə futbolu

AFFA aşağı yaş millilərində yeni dövrə başlayır

AFFA aşağı yaş üzrə milli komandalarının baş məşqçiləri ilə bağlı qərarını verib.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət U-15, U-16, U-17, U-18 və U-19 komandalarından gedir. Federasiya rəhbərliyi sözügedən millilərdəki durumdan narazıdır. Bu səbəbdən yığmada çalışan baş məşqçilərlə müqavilə yenilənməyəcək.

Xatırladaq ki, U-15-dən U-17-dək millilərdə məsul şəxs Aqil Nəbiyevdir. Bu komandaların hamısı təcrübəli mütəxəssisə tapşırılmışdı.

U-19 yığmamıza isə İlham Yadullayev rəhbərlik edirdi. AFFA sözügedən iki çalışdırıcı ilə yolları ayırmağa qərar verib.

Bu komandaların hər birinə yaxın vaxtlarda baş məşqçi təyinatı olacaq.

U-20 və U-21 millilərimizdə isə dəyişiklik gözlənilmir. 21 yaşlılardan ibarət yığmamızın çalışdırıcısı Rəşad Eyyubovun postundan göndəriləcəyi iddia edilsə də, AFFA gənc mütəxəssislə yola davam edəcək

U-20 millimizə yeni təyin olunan portuqaliyalı baş məşqçi Ruy Jorje də vəzifəsində qalaraq, komandanı dünya çempionatına hazırlayacaq. Rəhbərliyin hər iki mütəxəssisin işindən razı olduğu bildirilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43