28 Dekabr 2024
Ölkə futbolu

“Xəzər Lənkəran”ın seleksiyaçısı məhşur futbol agenti ilə görüşəcək: “Həftənin sonunda San Paoloda olmalıyam”

"Xəzər Lənkəran"ın seleksiyaçısı Mario Souzanın Joze Mourinyo ilə görüşü barədə sosial şəbəkələrdə komandanı izləyən azarkeşlərin artıq məlumatı var. Bu və digər məqamlar haqqında Mario rəsmi sayta fikirlərini bildirdi: “Əlbəttə, bu çox vacib bir hadisə oldu. Görüşün vasitəçisi keçmiş futbolçu, hazırda agent fəaliyyəti ilə məşğul olan məşhur Derley oldu. O “Portu”da Jozenin rəhbərliyi altında çıxış edib, və indi də onunla əla münasibətləri var. O ki qaldı mənimlə Derleyin münasibətimizə, biz onunla uşaqlıq dostlarıyıq”.

Souza belə bir görüşün həm “Xəzər Lənkəran” üçün, həm də onun özü üçün vacib olduğunu bildirdi: “Komandanı bu səviyyədə təmsil etdiyim üçün çox qürurluyam. Derley artıq “Xəzər Lənkəran” haqqında geniş və tam təsəvvürə malikdir. Onunla komanda haqqında, burada oynaya biləcək oyunçular barəsində daim fikir mübadiləsi aparırıq. Mourinyo ilə görüş əsnasında da “Xəzər Lənkəran” haqqında ayrıca söhbət etdik, öz işim barədə ətraflı məlumat verdim”.

Hazırda isə Mario Portuqaliyadadır: “Ötən ay Cənubi Amerika ölkələrində oyunları izləyib, klub rəhbərləri ilə görüşlər apardım. Qısamüddətli London səfərindən sonra isə Portuqaliyadayam. Zon Saqreş Liqasının bir neçə oyununda olacam, gedəcəyim oyunların siyahısını hələ Braziliyada olduğum müddətdə hazırlamışam. Bu ölkədə də görüşlərim olacaq. Bilavasitə klub işləri ilə bağlı görüşlərlə yanaşı, dünyanın bir nömrəli futbol agenti Jorje Mendeşlə də söhbətimiz olacaq. Həftənin sonunda isə artıq San Paoloda olmalıyam".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43