09 İyul 2026
Ölkə futbolu

“Eqnatiya” Zamiqi gözləyir: “Yaşananlar bütün dünyada şok effekti yaradıb”

Albaniyanın “Eqnatiya” klubunun azərbaycanlı futbolçusu Zamiq Əliyevin ölkədən çıxışına qadağa qoyulmasından xəbərdarsınız. Futbolçunun hərbi xidmətlə bağlı problemi olduğu üçün belə bir qərar verib.

Artıq mətbuatda “Eqnatiya”nın Əliyevin müqaviləsinə xitam verdiyi barədə xəbərlər dolaşır. İddiaya görə, müdafiəçi məşqlərə qoşulmadığı üçün klub belə bir qərar qəbul edib.

Məsələnin nə yerdə olduğunu bilmək üçün Z.Əliyevin meneceri Emrah Akçaayla əlaqə saxladıq. O, İdmanxeber.az saytına bunları dedi:

“Zamiqin müqaviləsi qüvvədədir. Sözləşmənin ləğv olunduğu barədə yayılan xəbərlər tamamilə yalandır. Klub Zamiqi satmaq üçün təxminən 150 min avro tələb edirsə, niyə müqaviləsini ləğv etsin ki?

Bunu açıq deyirəm. Hətta ikinci liqada çıxış edən futbolçulara belə icazə verən səfərbərlik xidmətinin bu qərarı başadüşülən deyil. Bütün səmimiyyətimlə deyirəm ki, hər kəs bu məsələdə tamamilə uğursuz olub. İllərdir əziyyət çəkirik ki, azərbaycanlı futbolçular ölkəmizin bayrağını xaricdə təmsil etsinlər. Amma görünür ki, hər kəsin başqa məqsədi var.

Sizə bir xəbər də verim. Bu yayılan məlumatlardan sonra azərbaycanlı futbolçularımızdan birinin transferi ləğv olundu. Onu transfer etmək istəyən klub qorxdu və fikrindən daşındı.

Gənclər və İdman Nazirliyində kiminlə danışırıqsa, yalnız “işləyirik” cavabını alırıq. İyunun 8-dən bəri guya bu məsələ ilə məşğuldurlar. Bir telefon zəngi ilə həll olunacaq iş üçün artıq 32 gündür “işləyirlər”.

Zamiqlə bağlı yaşananlar bütün dünyada şok effekti yaradıb. Məşqçilər və idman direktorları mənə zəng edib buna inana bilmədiklərini deyirlər. Doğrudan da çox təəssüf doğuran vəziyyətdir.

Ümid edirəm ki, bu problem ən qısa zamanda həllini tapacaq. Əmin olun, Azərbaycan bayrağının və ölkəmizin təmsil olunmasını mən hamıdan çox düşünürəm. Həqiqətən böyük məyusluq yaşayırıq”.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43