24 İyun 2026
Ölkə futbolu

“Keşlə” tarixinin antirekorduna imza atıb

Paytaxat klubu antirekorda imza atıb.

“Keşlə” tarixinin antirekorduna imza atıb. Paytaxt klubu bunu Topaz Premyer Liqasının IV turunun “Neftçi” ilə matçında rəsmiləşdirib. Səfərdə 0:2 hesabı ilə uduzan Mladen Milinkoviçin yetirmələri startda qələbəsiz oyunlar seriyasını 4-ə çatdırıb.

1999/2000 mövsümündən güclülər dəstəsində çıxış edən komanda heç vaxt yarışa belə uğursuz başlamayıb. Əvvəl “Xəzər Universiteti”, sonra “İnter” adını daşıyan “Keşlə” ən pis halda 4-cü oyununda ilk qələbəsini qazanıb. Buna 1999/2000, 2012/13 və 2013/14 mövsümlərində təsadüf olunub. Lakin bu dəfə 4-cü matç da qələbəsiz başa çatıb.

Cari mövsümdə ilk 4 qarşılaşmada cəmi 1 xal qazanan “Keşlə” həm də bu göstəricidə antirekordla üzləşib. Bu, komandanın tarixində ən zəif nəticədir. 1999/2000 və 2013/14 mövsümlərində ilk 4 oyunda 3 xal qazanan bakılılar bundan da zəif start götürüb.

Qeyd edək ki, “Keşlə” cari mövsümdə “Sabah”a 0:1, “Səbail”ə 1:2, “Neftçi”yə 0:2 hesabı ilə uduzub, “Zirə” ilə heç-heçə edib – 2:2.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43