Uğursuz çıxışı ilə azarkeşlərini üzən “Neftçinin hücumçusu Baqali Dabo paytaxt klubunun fanatlarını təhqir edib.
İdmanxeber.az-ın məlumatına görə, klubun ən böyük azarkeş səhifəsi olan “Neftchi Baku [Fan Page]” Dabonu tənqid edib:
“Mənə tez-tez yazırsınız ki, admin, bəs deyirdin, Dabonun zədəsi 3-5 günlükdür, 35 gündür adam yoxdur. Əslində, Dabonun zədəsi “Sperantsa” ilə cavab matçından sonra sağalıb. Amma… İşin bir əmması var. Bu adam oyunçu kimi yaxşı olsa da, insan kimi çox məsuliyyətsiz, laqeyddir. Aylıq “Neftçi”dən 42 min 500 manat maaş alır. Bonusları da gəlsək, təxminən 50-55 min manat edir. Bu ölkədə bunun 100 qat aşağısına işləyən insanlar var. Orta məktəb müəllimi bu maaşı 100 aya qazanır. Hələ xanımı da narazılıq edir.
Baqali Dabo özünü məşqlərdə yuxarıdan aparır, sözün həqiqi mənasında “şişib”. Məşqlərə etinasız yanaşır, məşqçi və rəhbərliyin qərarlarına etiraz edir. Buna görə də Roberto Bordin onu “Sabah”la oyundan öncə son anda siyahıdan sildi.
Hər nə qədər Bordinin işini bəyənməsəm də, bu məsələdə tam baş məşqçiyə haqq qazandıram. Yox, sən get istirahət vaxtı dizini zədələ gəl, sonra “saçokluq” elə, indi də çıx ki, mən məşq etmirəm, oynamalıyam. Çox güman rəhbərlik əvəzedici heyətə göndərəcək Dabonu. Ya da etdiyi tərbiyəsizlik üçün üzr istəməlidir”.
Dabo onu tənqid edən azarkeşləri təhqir edib: “Şərhlərinizi … soxun, sözlərim sizə xoş deyilsə, daha çox fransızca yazım, tərcümə edərsiniz”, – deyə 31 yaşlı hücumçu “Instagram” hesabının hekayə bölümündə cavab verib.