1 iyun-Uşaqları Beynəlxalq Müdafiəsi Günü və “Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun yaradılmasının 55-ci ildönümü münasibətilə “Bir uşaq-bir top” festivalı keçirilib.
İdmanxeber.az xəbər verir ki, tədbir iki hissədən ibarət olub. Birinci hissədə gənc rəssamların futbol haqqında kompozisyaları, Face art, Ayaq bilyardı, Zorba futbol, Maket qapıya qol vuruşu, Şən klounlarla futbol oyunu təşkil edilib.
Tədbirin rəsmi hissəsində Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi idman siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı sahəsində mühüm işlər görülür, gənclərin fiziki və mənəvi hazırlığı, onların asudə vaxtlarının səmərəli təşkili diqqət mərkəzində saxlanılır.
“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair” Dövlət Proqramının uğurlu nəticələri barədə danışan nazir qeyd edib ki, yaradılmış müasir idman infrastrukturu gənclərin idmana olan marağını artırıb, istedadlı idmançıların yetişməsi təmin olunub, bu da öz növbəsində muxtar respublikada beynəlxalq, ölkə və muxtar respublika səviyyəli idman yarışlarının keçirilməsinə şərait yaradıb.
Bildirilib ki, 55 illiyini qeyd etdiyimiz “Araz-Naxçıvan” komandası I Divizionda qalib olub, Premyer Liqada çıxış edib, qonşu ölkələrdə müntəzəm olaraq təlim-məşq toplanışları keçirilib. Komanda Region Liqasının yenicə başa çatan mövsümünü isə bürünc medalla tamamlayıb.
Muxtar respublikada 1244 nəfər yeniyetmə və gəncin aktiv şəkildə futbolla məşğulunu və 17 stadion, 30 mini futbol meydançasının mövcud olduğunu, stadionlardan 10-nun əsaslı təmir olunaraq istifadəyə verildiyini s xatırladan nazir son dövrlər futbolun inkişafı istiqamətində icra olunan digər işlər barədə məlumat verib. Klubun 55 illik yubileyinin əlamətdar gündə – “1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü”ndə qeyd olunmasının böyük rəmzi əhəmiyyəti olduğunu diqqətə çatdıran Ramil Hacı bu münasibətilə uşaqları təbrik edib, Naxçıvan idmanına göstərdiyi dəstəyə görə Ali Məclisin Sədrinə idmançılar adından dərin minnətdarlığını ifadə edib.
Qonaqları salamlayan Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov uşaqları beynəlxalq müdafiə günü münasibətilə təbrik edib. Bildirib ki, usaqların müdafiəsi bugün ölkəmizdə prioritet məsələlərindən biridir. Ulu öndər tərəfindən yaradılan bu siyasət ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Naxçıvan Muxtar Respublikasında da idmana göstərilən diqqət və qayğıdan danışan Vüqar Abbasov qeyd edib ki, idmançılarımız çıxış etdikləri yarışlarda daim Azərbaycan bayrağını yüksəklərdə dalğalandırır, ölkəmizin idman ənənələrini layiqincə təmsil edirlər. Yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlıq edən federasiya sədri “Araz-Naxçıvan”ı 55 illik yubileyi münasibətilə təbrik edib, komandanın veteran futbolçularına təşəkkürünü bildirib.
Çıxışlardan sonra Vətən uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Naxçıvan Muxtar Respublikası Atletika Federasiyasının Bədii gimnastika bölməsinin Pon-pon qızlar qrupunun çıxışı, Naxçıvan Dövlət Universitetinin Konservatoriya fakültəsinin tələbələrinin ifasında ” Tənzərə” milli rəqsi maraqla qarşılanıb. Tamaşaçılara eyni zamanda “Araz-Naxçıvan”nın tarixi, uğurları və tanınmış Azərbaycanlı oyunçular haqqında məlumat verilib.
Ardınca Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın övladları hədiyyələrlə təltif olunub. Hədiyyələri Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin birinci müavini Azər Zeynalov və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Seymur Talıbov təqdim ediblər.
Festivalda xüsusi qayğıya ehtiyacı olan uşaqlar da mükafatlandırılıblar. Mükafatları Naxçıvan Muxtar Respublikası Boks Federasiyasının sədri Məhərrəm Talıbov , Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının sədri Nicat Babayev təqdim ediblər.
“Araz-Naxçıvan” Peşəkar Futbol Klubunun ilk baş məşqçisi olmuş Tofiq Axundovun həyat yoldaşı və qızına isə xüsusi hazırlanmış “3” və “55” nömrəli formalar təqdim olunub. Formaları Naxçıvan Futbol Federasiyasının sədri Vüqar Abbasov və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının baş katibinin müavini Kamran Vəliyev təqdim ediblər.
Ardınca “Araz-Naxçıvan”nın veteran futbolçuları təltif edilib. Mükafatları Naxçıvan şəhər icra hakimi Mirsənani Seyidov təqdim edib.
Sonra “Araz-Naxçıvan”ın veteran və gənc komandaları arasında yoldaşlıq görüşü keçirilib.
Festivalda hər uşağa bir top hədiyyə edilib. Bol hədiyyəli oyunlar, əyləncəli şoular, məhşur müğənnilərin çıxışları ilə yadda qalan tədbir Xalq artisti Aygün Kazımovanın konserti ilə davam edib.