Güləş üzrə milli komandalar qarşıdan gələn məsul yarışlara hazırlaşır.
İdmanxeber.az xəbər verir ki, böyüklərdən ibarət yığmalarımız İslam Həmrəyliyi Oyunları (10-13 avqust) və dünya çempionatına (10-18 sentyabr) hazırlıq üzrə ilk təlim-məşq toplanışına start verib. Yunan-Roma güləşi üzrə millimiz Bakıda məşqləri davam etdirir. Matteo Pellikone turnirindən qayıtdıqdan sonra bir neçə gün istirahət edən komanda iyulun 2-dən hazırlığı bərpa edib. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Həsən Əliyevlə Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində keçirilən təlim-məşq toplanışı iyulun 20-dək davam edəcək. Qadın güləşi üzrə hər 3 millimiz Göygölə toplaşıb. Baş məşqçi əvəzi Rövşən Umudov və böyük məşqçi Həsrət Məmmədyarovun nəzarəti altında iyulun 3-də start götürən hazırlıq prosesi ayın 16-da yekunlaşacaq. Sərbəst güləşçilərimiz də Göygöl Olimpiya İdman Kompleksində məşq keçir. Baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı iyulun 2-də başlayıb. Əsasən fiziki hazırlığı əhatə edən məşqlər ayın 20-də yekunlaşacaq.
Roma bu il növbəti yarışa ev sahibliyi edəcək. Ötən ay reytinq xarakterli Matteo Pellikone turniri və U-20 Avropa çempionatını qəbul edən İtaliyanın paytaxtı iyulun 25-dən 31-dək U-17 dünya çempionatının təşkilatçılığını da həyata keçirəcək. Yunan-Roma güləşi üzrə müvafiq komanda iyunun 27-dən Tofiq Bəhramov adına Respublika stadionunun idman zalında mundialın hazırlığına start verib. Böyük məşqçi Taleh İsrafilov, məşqçilər Nazim Əhmədov, Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında keçirilən təlim-məşq toplanışı iyulun 16-da başa çatacaq. Sərbəst güləşçilər isə iyulun 10-dan 25-dək böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Yaşar Əliyevin rəhbərliyi altında Xaçmaz Olimpiya İdman Kompleksində toplanış keçəcək.
Avqustun 15-dən 21-dək Bolqarıstanın paytaxtı Sofiyada U-20 yaş qrupu üzrə analoji yarış baş tutacaq. Gənclərdən ibarət komandalarımız gələn həftə dünya çempionatına hazırlığın ilk mərhələsinə başlayacaq. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov, Turac Hüseynli və Zöhrab Abbasovun rəhbərliyi altında yunan-Roma güləşçilərimiz iyulun 11-dən 26-dək Bakıda toplanış keçəcək. Sərbəst güləşçilər isə Xaçmaza üz tutacaq. Böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və məşqçi Əşrəf Əliyevin nəzarəti altında baş tutacaq hazırlıq prosesi 2 həftə (10-23 iyul) davam edəcək.