Misli Premyer Liqasının IX turunda “Kəpəz” səfərdə “Sabah”a 5:0 hesabı ilə məğlub olub.
İdmanxeberaz-ın məlumatına görə, oyunun ardından Gəncə klubunun baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqda bunları deyib:
“Hər halda böyük hesablı məğlubiyyət, ümumiyyətlə məğlubiyyət xoş deyil. Futbolda baş verə biləcəklərdən biz sığortalanmamışıq. Böyük hesablı məğlubiyyət də qəbuledilməzdir. Komanda oyuna pis başlamadı. Rəqibin səviyyəsi və bizim komandanın da tam oyun fəlsəfəsinə uyğunlaşmaması matçın gedişatında planların pozulması ilə nəticələndi. Giorgi Kantariyanın meydanda olmaması orta xəttdə bizim üçün böyük problem yaratdı.
Komandanın 3 oyun yaxşı oynayıb, 1 oyun zəif oynaması təsadüf deyil. Görüləcək işimiz var. Futbolçular bu gün həddindən artıq əziyyət çəkdilər, güc sərf etdilər. Buna baxmayaraq fərdi səhvlərdən buraxdığımız qollar komandanı məğlubiyyətə apardı. Düşünürəm ki, bu məğlubiyyətin səbəbkarı mənəm. Futbolçunun burada günahı yoxdur. Həyat davam edir, qarşıda hələ oyunlarımız var. Bu oyunu analiz edib buraxdığımız səhvləri minimuma endirməliyik. Qarşıda “Neftçi” ilə görüşümüz var. Komanda toparlanmalıdır. Yenə deyirəm, məğlubiyyət xoş deyil. Görəcəyimiz iş həddindən artıq çoxdur”.