“Barselona” 1937-ci ildə qazandığı liqa çempionluğunun rəsmi olaraq tanınmasını istəyir.
İdmanxeber.az-ın məlumatına görə, Kataloniya klubu federasiyadan həmin ildəki Aralıq dənizi Liqasının qalibinin təsdiqləmisini tələb edib. 1936-39-cu illərdə İspaniyada baş vermiş vətəndaş müharibəsi zamanı sözügedən liqanın nəticələri rəsmi olaraq tanınmır.
“Barselona” bununla bağlı bir neçə dəfə səy göstərsə də, federasiya həmin dövrdə milli çempionat olmadığını iddia edərək tələbi qəbul etməyib.
Ancaq İspaniya Futbol Federasiyası bu yaxınlarda “Levante”nin həmin ildə keçirilən digər turnirindəki çempionluğunu tanıyıb. Belə ki, “Levante” 1937-ci ildə Azad İspaniya Kubokunun finalında əzəli rəqibi “Valensiya”nı 1:0 hesabı ilə məğlub etmişdi.
Kataloniya təmsilçisi bu qərarın ardından öz çempionluğunun da tanınması üçün bir daha federasiyaya müraciət edib.
Xatırladaq ki, Kataloniya Futbol Federasiyasının keçiridiyi Aralıq dənizi Liqasında “Barselona”, “Espanyol”, “Jirona”, “Valensiya” və “Levante” kimi klublar çıxış edib.

