22 Dekabr 2024
Ölkə futbolu

“Doqquz xallıq oyun idi” – Tərlan Əhmədov

“Bizə dəstək olan bütün fanatlara təşəkkür edirəm. Bu ağır vəziyyətdə bizi ruhlandırdılar. Rəqibə oynamağa imkan verməməyə çalışdıq. Onları təzyiqdə saxladıq. Üç xal bizim üçün çox vacib idi. Doqquz xallıq oyun oldu. Bu, bizə böyük motivasiyadır. Uğurlu çıxışın davamını gətirmək istəyirdik. Bu gün ən çox nəticə üçün çalışdıq. Futbolçularıma gözəl mübarizəyə görə təşəkkür edirəm”.

İdmanxeber.az xəbər verir ki, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 28-ci turunun “Səbail”lə (1:0) qələbəsindən sonra keçirilən mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını cavablandırıb.

“Əlbəttə ki, oyun keyfiyyəti bir az aşağı idi. Ancaq peşəkarlar üçün problem olmamalıdır. Bəli, meydançanın bu vəziyyətdə olması bizim üçün də üzücüdür. Ot örtüyü yaxşı olsa, oyunlarımız da daha keyfiyyətli alınar.

Ümumi olaraq bütün komanda yüksəlişdədir. Çalışırıq ki, bu vəziyyəti saxlayaq. Hələ ki, heç kimlə danışıq olmayıb. Premyer Liqada qalmağımız dəqiqləşəndən sonra futbolçularla danışıqlar başlanacaq. Büdcə də bəlli olmalıdır. Bu ilki əməkhaqqı ilə heç bir futbolçu yeni müqavilə imzalamaz. Sponsor, maliyyə məsələləri həll olunandan sonra bu barədə danışmaq olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43