29 İyun 2026
Ölkə futbolu

“Sabah” avrokubok matçının başqa ölkədə keçirilməsi üçün UEFA-ya müraciət etdi

“Sabah” Latviyada RFŞ komandasına qarşı keçirəcəyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçının başqa ölkədə oynanılması üçün UEFA-ya müraciət edib.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə Latviya Futbol Federasiyasının prezidenti Vadim Laşenko “sportacentrs.com” saytına açıqlama verib. Funksioner bildirib ki, Avropa futbol qurumu hazırda bu məsələyə baxır:

“Hazırd UEFA bu məsələyə baxır. Əlbəttə, matçın yerinin dəyişdirilməməsinə çalışırıq. Yaranmış vəziyyət heç bir halda Latviya klubunun məsuliyyəti deyil. Şəxsi fikrim odur ki, RFŞ ev oyununu başqa ölkədə keçirməməlidir. Amma UEFA-nın bunu necə qiymətləndirəcəyini təxmin edə bilmərəm, hazırda top onlardadır. Latviya qanunlarına görə isə Şengen vizası olmayan Rusiya vətəndaşlarının ölkəmizə girişi qadağandır”.

Qeyd edək ki, “Sabah”ın heyətində baş məşqçi Murad Musayev və 4 köməkçisinin, həmçinin, qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovun Rusiya vətəndaşlığı var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43