“Qarabağ” Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda bu gün HİK-lə qarşılaşacaq. Ağdam təmsilçisi Çempionar Liqasının II turunda Polşa “Rakuv”u ilə bacarmasa da, avrokuboklara yoluna davam edir.
“Köhlən atlar”ın ÇL ilə vidalaşması ciddi səs-küyə səbəb oldu. Azarkeşlər “Qarabağ”ın Polşa çempionunu keçə bilməməsi ilə heç cür razılaşmır. Hətta bəzi futbol adamları komandanın eniş dövrünü yaşadığını bildirir. Hazırda da bütün diqqətlər HİK-ə qarşı oyundadır. Ağdam təmsilçisi AL-in qrup mərəhləsi hədəfi ilə çıxdığı bu yolda Finlandiya klubuna qarşı Bakıda yaxşı nəticə qazanmaq niyyətindədir.
Komandamızın bu oyundakı şanslarını dəyərləndirməsi üçün futbol meneceri Səbuhi Səfiyarlı ilə əlaqə saxladıq. O, təmsilçimizdən bu gün yaxşı nəticə gözlədiyini bildirdi:
“Bu gün mübarizəyə başlayacaq üç komandamızın içərisindən ən yaxşı şansa malik “Qarabağ”dır. Düzdür, komanda Çempionlar Liqası ilə vidalaşdı və çempionatda “Zirə”yə məğlub oldu. Bunlar az-çox təsir edə bilər. Ancaq “Qarabağ” elə komandadır ki, hər cür çətin durumdan toparlanıb çıxa bilir. Komandanın “Rakuv”a məğlubiyyətə hardasa başa düşüləndir. Əslində bizim Portuqaliya, Polşa və Türkiyə kimi ölkərin klublarına uduzmağımız gözləniləndir. Çünki onlar futbolun hər şeyində bizdən öndədirlər. Bu məğlubiyyətləri azarkeşlər çətin həzm etsə də, reallıq belədir. Ancaq Finlandiya kimi ölkənin komandasını keçə bilməmək başadüşülməz olar. “Qarabağ” da bu məsuliyyəti başa düşür. Komandanın bu oyunda enişdə olmadığını sübut etmək üçün HİK-i məğlub edib, növbəti mərhələyə yüksələcəyini düşünürəm”.
Həsən Quluzadə