27 Noyabr 2024
İdman

“Cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman olmamışam”

“Cüdo ilə məşğul olduğum üçün heç vaxt peşman olmamışam”.

İdmanxeber.az-ın məlumatına görə, bunu iki gün əvvəl karyerasını başa vurduğunu elan edən Azərbaycan cüdoçusu Rüstəm Orucov Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlamasında deyib.

Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olan 32 yaşlı idmançı cüdonun insan həyatına müsbət təsirindən bəhs edib: “Cüdo insana doğru yolu göstərir. Bu idman növü mənə çox şey öyrətdi – yaxşı davranmağı, başqalarına hörmət etməyi. İndi gələcək nəsil ilk növbədə pis vərdişlərdən uzaq olmalı, yüksək nəticə əldə etməyi qarşısına məqsəd qoymalı və son ana qədər mübarizə aparmalıdır. Mən podiuma qalxdığım anı həmişə xatırlayacağam”.

Qeyd edək ki, karyerası ərzində iki dəfə dünya ikincisi olan, 2016-cı ildə isə Avropa çempionluğu titulunu qazanan Rüstəm Orucov, eyni zamanda, 16 dəfə “Böyük Dəbilqə”, 12 dəfə isə “Qran-pri” yarışlarında mükafatçılar sırasına düşüb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43