26 Noyabr 2024
Ölkə futbolu

Azər Məmmədov: “9 klubun sponsoru var, bizimki yoxdu”

“Futbolçulara oyuna görə təşəkkür etdim. Buna layiq idilər. Oyun haqda onu deyə bilərəm ki, gərgin oldu. Bilirdim ki, komandamız üçün çətin olacaq. İki fərqli hissə gördük. İlk yarıda “Neftçi” ilə oymadığımız kimi çalışırdıq ki, rəqibi əks-hücumda tutaq. İlk dəqiqələrdə bunu bacardıq. Sonradan edə bilmədik. İkinci yarı irəlidə gedişatlarda dəyişikliklər etdik. Komandamız qoldan sonra daha yaxşı idi. Hətta bir az “Zirə”ni üstələdik. Diqqətsizlikdən qapımızda qol gördük. Yekunda da uduzduq. “Zirə”ni təbrik edirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Azər Məmmədov “Zirə” oyunu (0:1) sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

– Üç transferin yolunu gözləyirsiz. Nə vaxt qoşulacaqlar komandaya?

– Transfer ağrılı yerimizdir. Komandada futbolçu kasadlığı görünür. Müasir futbolda maliyyə çox önəmlidir. Biz sırf dövlət tərəfindən ayrılan maliyyə ilə yaşayırıq. Gəncə kimi böyük şəhərin komandasının sponsoru yoxdur. Büdcəmiz imkan verdiyi qədər transfer edirik. Hər transferdə də diqqətli olmağa çalışırıq. Çünki yanlışlıq büdcəmizdə böyük itki deməkdir. Çalışırdıq ki, liqa başlayana qədər transfer edək. Amma alınmırdı. Bilirdik ki, kasadlıq olacaq. Bu gün də axtarışdayıq, bir neçə oyunçu ilə razılaşırıq. Bəzən Gəncəyə gəlmək istəmirlər, Bakını istəyirlər. Bəzən həyat yoldaşları, ailələri imkan vermir. Ən çox da artıq pul istəyirlər. Büdcəmizə uyğun transfer pəncərəsi bağlnana qədər 3-4 transfer edəcəyik.

– Junior Martins bu gün kölgədə qalmışdı. Onu da əvəzlədiz. Oynadığı övqeyin təsiri var?

– Onu iki matçdır ki, hücumçunun arxasında oynadırıq. Ötən mövsüm sol cinahda çıxış edirdi. Pleymeker çox incə yerdir. Ehtiramı da yoldaşlıq görüşündə orada yoxladıq. Ehtiram fərqlidir. “Neftçi” ilə görüşdə cinah müdafiəçisi kimi yerini tapdı. 8 və 10 nömrə tapmadığımıza görə, Junioru orada oynatdıq. Razıyam ki, tam istədiyimiz kimi deyil. Yenidir bu mövqedə. Ən yaxşısını etməyə çalışır. 10 nömrəli futbolçu tapsaq, Junioru yerinə çəkəcəyik.

– Bu gün üçün real olan mənzərəyə baxsaq, “Kəpəz” rəhbərliyi, FİF səviyyəsində danışıq aparırsız sponsorlarla?

– Rəhbərliymiz, İlqar Nadiri ilə çox vaxt bir yerdəyik. O, “Kəpəz” üçün bacardığından artığını edir. Çox çalışır. Harada olsam da, “Kəpəz”i sevmişəm. Danışıqlar olur, əl atırıq hər yerə ki, sponsor olsun. Mətbuatda da bir neçə şirkətin adı çıxdı. Mənimlə bərabər rəhbərlik də sevinirdi ki, bəlkə həqiqətdir. Amma gördük ki, həqiqət deyil. Güman edirik ki, “Kəpəz” və Gəncə üçün sponsor çıxacaq. Axtarışdadırlar, çalışırlar kimisə cəlb etsinlər. 9 klubun sponsoru var, bizimki yoxdu”.

– Neçə transfer gözlənilir?

– Öz istəyim 6-7 transferdir. Amma maliyyə imkan vermir ki, bu qədər edək. Heç olmasa 3 transfer mütləq lazımdır. Elmir Tağıyev ötən mövsüm 4 oyunluq cəza alıb, onun geri dönüşünü gözləyirik. Vurğun Hüseynov da qayıdacaq. 3 transfer də gəlsə, rotasiyalar edəcəyik.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43