“Gərgin oyun oldu. Alışmışıq ki, çempionatda matçlarımız gərgin olur, maraqlı gedir. Bu gün də bunlardan biri oldu. “Kəpəz” yaxşı müdafiə olunub, əks-hücumları gözləyirdi. Biz də müdafiəni yarmağa çalışırdıq. Hər şey düşündüyümüz, istədiyimiz kimi gedirdi. Bu cür komandaların müdafiəsini yarmaq çox çətindir. Səbrili oynadıq, qol şansı əldə etdik, fərqləndik. Rəqib üzərimizə gəldi. Belə məqamılarda rəqibin müdafiəsinin boşluğundan istifadə etmək lazımdır. “Kəpəz” son dəqiqələrdə irəli atılmışdı. İlk ev oyunumuz idi, vacib qələbə qazandıq. Ötən mövsüm də çətin alınmışdı. “Kəpəz”ə qarşı bütün rəqiblər çətinlik yaşayır. Bu rəqib üzərində qələbə asan deyil. Futbolçularım əzmklar oldu”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Kəpəz” oyunu sonrası deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
– Rüstəm Əhmədzadə ağır görünürdü. Bir də, Filipe Paxtman haqda fikriniz necədir? O, üç ildir ki, komandadadır….
– Təəssüflər olsun ki, Rüstəm toplanışda zədələndi. Son yoldaşlıq görüşündə 60 dəqiqə oynamışdı. Ötən oyunda da əzmkarlıq göstərdi, güc sərf etdi. Həftə ortası da yorğun görünürdü. Seçimimiz yoxdur deyə, Rüstəm meydanda mütləq olmalıydı. Özünün də, bizim də istədiyimiz kimi oynamayacağını ehtimal edirdik. Amma sona qədər mübarizə apardı. Zədəyə qədər ən yaxşı durumdaydı. Paxtmana gəldikdə, onun çətin futbol taleyi olub son illərdə. Zədələnirdi. Dəstək olmağa çalışırıq. Çünki böyük potensialı var. Ən vacibi odur ki, zədələnməsin. Zədələnməsə, oynaya-oynaya 2-3 aya tam formaya çatacaq. Zədələnməməsi vacibdir.
– İki oyundur ki, müdafiəçilər qol vurur, hücumçularınız passivdir…
– “Qarabağ”ın da, “Kəpəz”in də müdafiəsi də bizə qarşı yaxşı oynadı. Müdafiəçilər hücuma qoşularaq effektiv olur. Həftəboyu bunun üzərində işləyirik. Çox yaxşı qol vurduq. Fərqi yoxdur qolu kim vurur, əlbəttə ki, könül istərdi ki, hücumçular da fərqlənsin.
– Həftəyə lider kimi yollanacaqsız. Necə hissdir, eyforiyaya qapıla bilərsiz?
– İki turdan sonra eyforiyaya qapılayacaqısa, şərh vermək istəmirəm. İki oyunda da uduzsaydıq, bu gün turnir cədvəlini qiymətləndirmək zamanı deyil. 15-20 tur keçməlidir ki, baxaq. Hazırda turnir cədvəli haqda danışmağın mənası yoxdur. “Qarabağ” və “Kəpəz”lə matçda vacib xallar qazanmışıq.
– “Sabah” və “Neftçi”nin avrokuboklarda oynaması sizin üçün avantajdır?
– Deməzdim ki, bizim üçün avantajdır. Onlar 3-4 gündən bir oynayırlar. Onlara çətinlik olacaq. Könül istəyərdi ki, bütün klublarımız qruplara düşsün. “Neftçi”yə çətin rəqib düşüb, iki top fərqi ilə geridədirlər. İnanırıq ki, səfərdə də sona qədər mübarizə aparıb, mərhələ keçəcəklər. Hamısı bizi sevindirər.
– Sumanın oyunundan razısız?
– Bu gün məni təəccübləndirdi. 90 dəqiqə oynamasını planlaşdırmamışdıq. Gəncdir, istəklidir. Şans verdik, özünü yaxşı göstərdi. Meydanda gümrah görünürdü deyə, sona qədər oynadı.